Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu, ölkə futbolunu sarsıdan hakimlərin mərc oyunlarında iştirakı ilə bağlı yeni açıqlamalar verib.
Apasport.az xəbər verir ki, o, hakimlərlə yanaşı, bir çox futbolçunun da mərc oyunlarında iştirak etdiyini bildirib:
“Rəqəmlər ortaya çıxanda, həqiqətən, çox pis oldum. Nə tələb olunursa, onu da edəcəyik. Hakimlərlə başladıq, indi sıra futbolçulardadır. 3 min 700 nəfər barədə araşdırmaya başlamışıq".
Hacıosmanoğlu, hakimlərin öz idarə etdikləri oyunlara mərc edib-etmədiklərinin soruşulması ilə bağlı bunları deyib: “Edilən mərclərin təxminən 80 faizi xarici oyunlaradır. Sənədləri İstanbul Baş Prokurorluğuna təqdim etmişik. Təlimatlara əsasən cəzalar tətbiq etmişik. Amma bunun hüquqi tərəfi də var. Əgər hakimlər öz oyunlarına mərc etməyiblərsə, bu halda hüquqi cəza yoxdur. Bunun araşdırılması lazımdır. Baş Prokurorluğumuz istintaqın dərinləşdiriləcəyini açıqlayıb. Buradan çox fərqli nəticələr ortaya çıxa bilər. Bu, təmiz türk futbolu naminə çox vacibdir".
TFF prezidenti, mərc oynayan hakimlərin əksəriyyətinin uduzduğunu da vurğulayıb:“Hakimlərin çoxu oynadıqları mərclərdən heç bir qazanc əldə etməyib. Niyə oynadıqlarını bilmirik. Böyük pullardan söhbət getmir, əksəriyyəti də uduzub. Görünür, indiyədək bu məsələnin üstünə ciddi şəkildə gedilmədiyi üçün özlərinə güvənərək belə hərəkət ediblər. Axı haradan bilsinlər ki, İbrahim adlı bir "dəli" çıxıb arı pətəyinə çomaq soxacaq və bunların hamısını üzə çıxaracaq".
Başqan Hacıosmanoğlu, Mərkəzi Hakimlər Qurulunun (MHK) sədri Ferhat Gündoğdunun da hesabı olduğunu qeyd edib: “Onun da 2008–2011-ci illər arasında hesabı olub, amma aktiv şəkildə istifadə etməyib. Biz istintaqı elan etdikdən sonra işdən çıxardığımız bir şəxs həmin hesabı Ferhat bəyin məlumatları ilə aktivləşdirməyə cəhd edib. O da bununla bağlı prokurorluğa şikayət ərizəsi təqdim edib".
Qeyd edək ki, daha əvvəl Hacıosmanoğlu peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin mərc platformalarında qeydiyyatının olduğunu açıqlamışdı.