Cahangir Fərəcullayev: “Sıfırdan ev tikməliyik”
11.04.2025 - 11:12
Cahangir Fərəcullayev: “Sıfırdan ev tikməliyik”

AFFA-nın Hesabat Konfransı davam edir.

Apasport.az xəbər verir ki, çıxış üçün söz qurumun baş katibi Cahangir Fərəcullayevə verilib.

O, inkişaf strategiyası barədə danışıb:

"İcraiyyə Komitəsi üzvləri və Rövşən Nəcəfə etimada görə təşəkkür edirəm. Vəzifənin məsuliyyətini dərk edirəm. Futbolumuzun inkişafı üçün əlimdən gələni edəcəm. Millimizin nəticələri hamımızı üzür. Bu durumdan düzgün nəticə çıxarıb, uğursuzluqdan qurtulmaq üçün yol tapmalıyıq. Layiq olduğumuz yerlərə çıxacağıq. İnkişaf strategiyasında yazılan bəzi maddələr bəzi tənqidçilər tərəfindən real görünməsə də, onları reallaşdıraraq həyata keçirəcəyimizə inanırıq. Düzgün plan işin yarısıdır. Strategiyanın həyata keçirilməsi gündəlik rutin işimizə çevrilib. Ciddi dəyişikliklər olacaq. AFFA strukturunda yeni qrup fəaliyyət göstərəcək. Onlar strategiyanın reallaşması yolunda işləyəcəklər. Layihə qrupu birbaşa baş katibə tabe olacaq. Hazırkı vəziyyətdə hər şeyi sıfırdan qurmalıyıa. Uşaq futbolu yoxdur deyirlər, həqiqətən yaralı yerimizdir. Amma uşaq futbolu müasir infrastruktursuz olmur. Uşaq futbolu olmadan nəticə olmur. Halqaları, zəncirləri qırmalıyıq. Bir neçə istiqamətdə işləyərək, effektiv sistem qurmalıyıq. Kosmetik təmirlə vəziyyəti düzəldə bilmərik. Sıfırdan ev tikməliyik. Düzgün bünovrə təhsildən başlayır. 10 milyonluq ölkədə cəmi 7 təlimçimiz var. 11 milyonluq Belçikada 147 təlimçi var. İlk prioritet təlimçi yetişdirilməsi və instrukturların inkişaf etdirilməsidir. Müxtəlif kateqoriyalarda məşqçi bazamız artacaq. AFFA tərəfdən təklif paketi hazırlanacaq və digər qurumlarla müzakirə ediləcək. Məqsədimiz futbol istedadlarımızı uşaqlıqdan böyük futbola gətirməkdir. Uşaq və gənclər liqalarının islahatı üzərində çalışılır". 

Fərəcullayev akademiyalardan söz açıb:

"Futbol akademiyaları məsələsində iş yalnız AFFA-nın deyil, klubların da üzərinə düşür. Müxtəlif illərdə Niderland, Portuqaliya, Özbəkistan və Gürcüstan bunu etdi. Bu xəyal yox, reallıq olmalıdır. AFFA müxtəlif regionlarda inkişaf mərkəzləri hazırlayacaq. İlk pilot mərkəzi üçün hazırlıq gedir. Ölkə futbolu ciddi səviyyəli hakimlər sarıdan qıtlıq çəkir. Kəmiyyət və keyfiyyət baxımından sıxıntımız var. Daha güclü və səviyyəli hakimlər yetişdirməliyik. Bakı və bölgələrdə stadion qıtlığı, məşq meydançaları problemləri var. Rəqəmsal baza olmalıdır". 

Baş katib qadın futbolu haqda fikirlərini də bildirib:

"Qadın futbolu da prioritetimizdir. Onlar daha çoxuna layiqdirlər. Göstərdikləri ouunla buna layiq olduqlarını göstərirlər. Yerli liqanı inkişaf etdirməli, qızların idmana cəlb edilməsinə kömək olmalıyıq. Bu da ayrıca layihədir. Bütün problemlərin həlli üçün AFFA-da dayanıqlı maliyyə sistemi qurmalıyıq. AFFA Premyer Liqanı azarkeş və sponsorlar üçün müasir məhsula çevirməlidir. Strategiyanı işə salmaq, çox yaxında başlayacaq bütün proyektlər futbolumuzun uğuru ilə sonlanacaq".