Fərid Namazov: "Normalda bu aylarda qarşılaşmalar ən tez saat 4-5-də start götürməlidir"
25.09.2024 - 18:51
Fərid Namazov: "Normalda bu aylarda qarşılaşmalar ən tez saat 4-5-də start götürməlidir"

“Matçın ilk 20 dəqiqəsində oyuna ortaq ola bilmədik. Sonradan özümüzə gəldik və qarşılaşmada dönüş yaratdıq”.

Bu sözləri “İmişli”nin baş məşqçisi Fərid Namazov apasport.az saytına açıqlamasında deyib.

Mütəxəssis I Liqanın 3-cü turunun “Cəbrayıl”la matçını dəyərləndirib: “İlk yarıda rəqibin müdafiə xəttini yarmağa çalışırdıq. İkinci hissədə isə üstün oynadıq. Rəqibə də hörmət edirəm. Onlar hücuma atılarkən, “Cəbrayıl”ı əks-hücumlarda yaxalaya bildik. Lakin bunlardan yararlana bilmədik. Ağır olacağını bilirdik. Çünki rəqib ilk iki oyunda qol buraxmamışdı. Yaxşı müdafiə olunan komandadırlar. Biz də bunun üzərində çalışmışdıq. Bu görüşü unudub, növbəti matçlara hazırlaşacağıq”.

Namazov matçın başlama saatına öz iradını bildirib: “Görüşün başlama vaxtı qəribə idi. Normalda bu aylarda qarşılaşmalar ən tez saat 4-5-də start götürməlidir. Çox isti idi. Düzdür, biz daha isti rayondan gəlirik, amma yenə də çətin oldu. Hakimləri günahlandırmaq istəmirəm. Lakin ilk hissədə su fasiləsini gec verdi, ikinci yarıda isə ümumiyyətlə vermədi. Belə olan halda futbolçuların performansı da aşağı düşür”.

Çalışdırıcı “İmişli”nin aşkar favoritlərdən biri olaraq görülməsi barədə fikirlərə münasibət bildirib: “Bu, bəzən üzərimizdə təzyiq yaradır. Çalışırıq ki, bu basqını futbolçulara ötürməyək. Bir az həssas mövzudur. Balansı qorumaq lazımdır. İmişli özü futbol regionudur. Azarkeşlərimiz sağ olsunlar, hər zaman bizə dəstək verirlər. Düzdür, hələ ki, doğma meydanda oynaya bilmirik. Stadion mövzusu yaralı yerimizdir. Matçlarımızı fanatlarımızın qarşısında keçirəcəyimiz günləri səbrsizliklə gözləyirik”,

İsmayıl Xeyrullayev
 

writer photo
İsmayıl Xeyrullayev
0