“Şamaxı”nın qapıçısı: “Hədəfimiz komandanı Premyer Liqada saxlamaq, burada davamiyyətini artırmaqdır”
03.09.2024 - 14:32
“Şamaxı”nın qapıçısı: “Hədəfimiz komandanı Premyer Liqada saxlamaq, burada davamiyyətini artırmaqdır”

“Komanda yeni qurulub. Zamana ehtiyacımız var. Kollektivdə köklü dəyişikliklər olanda müəyyən çətinliklər yaşanır”.

Bu sözləri apasport.az-a açıqlamasında “Şamaxı”nın qapıçısı Kamal Bayramov deyib.

“Turan Tovuz”dan ayrılıb karyerasına Ayxan Abbasovun komandasında davam edən təcrübəli qolkiper kollektivin ümumi durumu barədə danışıb:

“Futbolçular oyundan-oyuna bir-birinə uyğunlaşır. Adaptasiya olur. Amma işimiz çoxdur. Baş məşqçinin fəlsəfəsini tam anlamaq, icra etmək asan olmayacaq. Bu, qısa zaman kəsiyində çətin məsələdir. Buna baxmayaraq sevindirici haldır ki, məşqdə hər kəs maksimum çalışır. Hamı keyfiyyəti daha da artırmaq üçün səy göstərir. Hazırda millilərin oyunları ilə əlaqədar yaranan fasilədəyik. Həmin günlərdən maksimum yararlanmağa çalışacağıq. Bu, həm xeyrimizə, həm də ziyanımıza ola bilər. Belə halların dəfələrlə şahidi olmuşuq”.

O, “Şamaxı”nın iddialı komandalardan xallar alması barədə fikirlərini bildirib:

“Zirə”ni məğlub edib, ”Sabah” və “Neftçi”dən 1 xal almışıq. Bunların hər üçü böyük iddiaları olan komandalardır. Bir çox nüanslarda bizi üstələyirlər. Lakin biz hər görüşə xal qazanmaq üçün çıxırıq. Qarşımızda məqsədlərimiz var. Hədəfimiz komandanı Premyer Liqada saxlamaq, burada davamiyyətini artırmaqdır”.

Bayramov növbəti turdakı rəqibləri “Sumqayıt” haqqında düşüncələrini də bölüşüb:

“Sumqayıt” çox yaxşı komandadır. Oturuşmuş heyəti, keyfiyyətli futbolçuları və iddiası olan klubdur. Buna baxmayaraq meydana xal və xallar qazanmaq üçün çıxıb sona qədər mübarizə aparacağıq”.

İsmayıl Xeyrullayev
 

writer photo
İsmayıl Xeyrullayev
0