Xalidu Sissoko: "Azərbaycanda oynamış ən yaxşı seneqallı futbolçu mənəm"
05.06.2025 - 14:36
Xalidu Sissoko: "Azərbaycanda oynamış ən yaxşı seneqallı futbolçu mənəm"

Vaxtı ilə Azərbaycanda çıxış etmiş Xalidu Sissoko apasport.az saytına müsahibə verib.

2004-12-ci illərdə “Bakı”nın qapısını qorumuş 46 yaşlı veteran qolkiper hazırda Seneqalın U-20 yığmasında qapıçılar üzrə məşqçi kimi işləyir.

- Avropa və dünya futbolunda seneqallı futbolçuların sayı çoxdur. Əksəriyyəti də yaxşı səviyyədədir. Seneqalda yaxşı futbolçuların çıxması uşaq futboluna diqqətdən irəli gəlir? 
- Bütün Azərbaycana, xüsusən də futbolsevərlərə, “Bakı”da yanımda olan dostlarıma və keçmiş rəhbərlərimə salam göndərirəm. Bəli, doğrudur, Seneqalın bütün Avropada çoxlu sayda yaxşı futbolçuları var. Bunun səbəbi sadədir. Çünki U-13, U-15, U-17 və U-20 yığmalarından gənc futbolçular yetişdirməyə diqqət yetirmişik. Seneqalın 18 bölgəsində cəlb olunan bu gənc istedadlar üzərində çox iş görülüb. Hər il belə edirik, uşaqları yaxşı səviyyədə yetişdirmək üçün tədris mərkəzlərimiz də var. Hamısı da nəticə verir. 

- Azərbaycan milli komandasını yəqin ki, indi də izləyirsən? Sənin burada olduğun vaxtdakı kimi, yenə də zəif nəticələr var. Səncə, nəyə görə belədir?
- Azərbaycan yığması üçün ilk növbədə hər bölgədə gənc futbolçuların yetişdirilməsinə geri dönməliyik. Siz onları böyük peşəkar futbolçu kimi hazırlamağa başlamalısınız. Amma təlim də məktəbdəki dərslərə əsaslanmalıdır. Yaxşı davranış olmalıdır, qalib mentalitet yaradılmalıdır. Gənclərin mentalitetində xalqın, ölkənin bayraqlarının nə olduğunu, nə ifadə etdiyini oyunçular uşaqlıqdan bilməlidir. Onlara demək lazımdır ki, futbolçular da vətənini müdafiə etməyə gedən əsgərlər kimidir. Gənclərin şüurunda bunlar olmalıdır ki, onlar vətənini ürəkdən müdafiə etsinlər. Yəni inanın, hər şey gənclərin təliminə əsaslanır.

- Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşdur. Amma o, hələ ki Azərbaycan millisində qələbə qazanmayıb. Səncə, bizim ona ehtiyacımız var?
- Məncə, bu millinin problemi məşqçi deyil. İlk növbədə federasiya bir masa ətrafında müzakirəyə bütün məşqçiləri çağırmalıdır ki, 4 il gənc futbolçuların yetişdirilməsi ilə bağlı yaxşı idman siyasəti aparsınlar. Məhz bu işlər görüldükdən sonra nəticələrin gələcəyini görmək olar. Allah qoysa, belə də alınar.

- Bəs, Misli Premyer Liqasını necə, heç izləyirsən? Sənin üçün maraqlıdır? “Qarabağ” Misli Premyer Liqasında hegemonluq edir. Bunun səbəbini nədə görürsən?
- Əlbəttə, Azərbaycan çempionatını daim izləyirəm. “Qarabağ”ın çempionluğu artıq normaldır. Digər klublar da çempion olmaq istəyirlərsə, “Qarabağ”dan daha çox şey etməlidirlər. Dünya futbolu belədir, çempion olmaq istəyirsənsə, digər klublardan daha çoxunu etməlisən. Söhbət böyük sərmayələrdən gedir. 

- “Qarabağ”a qarşı matçları xatırlayırsan? Həmin illərdə “Qarabağ” hegemon deyildi. Ancaq indi hegemondurlar. Səncə necə oldu ki, “Qarabağ” inkişaf etdi, hegemon oldu, amma “Bakı” fəaliyyətini dayandırdı...
- Bəli, düzdür. “Qarabağ” həmin dönəmdə dominantlıq etmirdi. Çünki “Bakı”nın prezidenti Hafiz Məmmədov kluba çox pul yatırmışdı. Ona görə ki, bayaq dediyim kimi, kluba sərmayə qoyursunuzsa, qazana bilirsiniz.

- Azərbaycandakı, “Bakı”dakı matçları necə xatırlayırsan? 
- Bəli, həqiqətən daha maraqlı olan xatirəm çempionluğu qazandığım zaman idi. Qyoko Hacıyevskinin rəhbərliyi altında çempionluq qazanmışdıq. Özü də, mövsümün ən yaxşı qapıçısı seçilmişdim. Unudulmaz anlar idi. 

- Səncə, Azərbaycanda ən güclü qolkiper kim idi? Sənin “Bakı”da oynadığın zamanlarda...
- Bizim vaxtımızda Azərbaycanda ən yaxşı qapıçı mən idim. Amma Kamran Ağayevi də qeyd edə bilərəm. O da yaxşı qapıçı idi. Lakin bilirəm ki, mən hamısından yaxşı idim. 

-  “Bakı”da oynayanda, “mən naxçıvanlıyam” deyirdin. Yəqin ki, Seneqal yığmasında oynamasaydın, Azərbaycan millisində oynamaq istəyirdin?
- Bəli, mən Naxçıvandan olduğumu söyləyirdim və bu günə qədər də özümü naxçıvanlı hesab edirəm. Berti Foqtsun vaxtında Azərbaycan millisində oynamaq istəyirdim. Belə şans da var idi. Foqts bunun mümkün olub-olmayacağı ilə bağlı mənə zəng etmişdi, Azərbaycan millisində oynamaq ehtimalımız haqda danışdım. Amma FIFA-nın qaydalarına görə çətin idi. Ona görə də Azərbaycan millisində oynamağım mümkün olmadı.

- Hazırda Azərbaycanda seneqallı futbolçular oynayır: Mustafa Sek (“Neftçi”) və Mahammadu Ba (“Kəpəz”). Onlar haqda hansı fikirdəsən? Səncə, Azərbaycan klubları niyə seneqallı futbolçulara çox da maraq göstərmirlər?
- Düzünü desəm, Mustafa və Məhəmmədi şəxsən tanımıram. Amma onları Azərbaycan çempionatından tanıyıram. Bilmirəm niyə klublar seneqallı futbolçularla maraqlanmırlar. Amma yenə də meydanda onlardan soruşulan hər şeyi etməli olan oyunçulardır. Çünki onlar həmişə qalib gəlməyi sevirlər.. Həm də seneqallı oyunçulara uyğunlaşmaq üçün vaxt verməlidirlər ki, onlar klublara çox şey gətirə bilərlər...

- Nə vaxtsa, Azərbaycanda məşqçi kimi işləmək istəyərdin? 
- Azərbaycanda işləmək mənim indiki arzumdur. Ömrümün yarısını Azərbaycanda keçirmişəm. Mənə zəng edən klub olsa, gəlib Azərbaycanda hansısa klubu çalışdırmaq çox xoş olacaq. Buna hər zaman hazıram. 

- Misli Premyer Liqasında səndən başqa oynayan seneqallı futbolçular bunlardır: Eli Sisse (“Bakı”), Mustafa Dabo, Viktor Mendi (hər ikisi “Qəbələ”), İbrahima Niasse (“İnter”, “Qəbələ”), Aladji Mansur Ba, Mahammadu Ba, Latır Fal (hamısı “Kəpəz”), Omar Quadiabi (“Keşlə”), Mamadu Mbodj, Mustafa Sek, (“Neftçi”), Magaye Gueye, İbrahima Vadji (“Qarabağ”), Abdulaye Ba (“Sabah”), Pape Samba Ba, Eskort Essonq (hər ikisi “Şəmkir”), Sidi Diop (“Turan Tovuz”). Səncə, Misli Premyer Liqası tarixində ən yaxşı seneqallı futbolçu kimdir?
- Siyahıda qeyd etdiyiniz bütün oyunçular yaxşı səviyyədə idi. Amma mən onların hamısından üstün idim. Çünki hər şeyi qazanmışdım, Azərbaycan çempionluğu, Azərbaycan kuboku… Üstəlik, mövsümün ən yaxşı qapıçısı seçilmişdim.