
Futbol üzrə Azərbaycan yığması növbəti yoldaşlıq matçına çıxacaq.
Apasport.az xəbər verir ki, komandamız Belarusu qəbul edəcək.
Həmin görüş “Bank Respublika Arena”da baş tutacaq. Bununla da, stadion tarixində ilk dəfə yığmamızın oyununa ev sahibliyi edəcək.
Masazırda yerləşən idman qurğusu milliyə qucaq açan Azərbaycanda 10, ümumilikdə 13-cü stadion kimi seçməmizin tarixinə düşəcək.
Millimizin keçirdiyi 113 matç 12 arenada baş tutub. Bunlardan 9-u ölkə daxilində yerləşən stadionlardır. Yığmamız üçün daha doğma olan Tofiq Bəhramov adına Respublika stadionunda 58 beynəlxalq qarşılaşma keçirilib. Bakı Olimpiya Stadionu 15, “Neftçi Arena” (əvvəlki adı ilə “Bakcell Arena”) 14, “Liv Bona Dea Arena” (“Dalğa Arena”) 9, “ASK Arena” (“İnter Arena”, “Şəfa”) 4, Gəncə şəhər stadionu 3, Lənkəran şəhər stadionu, Qəbələ şəhər stadionu və İsmət Qayıbov adına stadion 1 belə görüşə ev sahibliyi edib.
Lakin millimizin oyunlarına daha 3 arena ev sahibliyi edib.
Müstəqillik tariximizdə iştirak etdiyimiz ilk turnir olan AVRO-1996-nın seçmə mərhələsinin 5 görüşünü də Türkiyənin Trabzon şəhərində keçirmişik. Buna səbəb UEFA-nın matçların Azərbaycanda baş tutmasına icazə verməməsi olub. Nəticədə yığmamız oyunlarına Hüseyin Avni Aker stadionunda çıxıb.
Millimiz daha 2 qarşılaşmaya isə Albaniya və Xorvatiyada çıxıb. 2020-ci ildə baş tutan Qarabağ müharibəsi səbəbilə Azərbaycan yığmasının ev görüşləri “Elbasan Arena” və İvan Lalyak-İviç adına stadionda keçirilib.
Qeyd edək ki, Azərbaycan – Belarus matçı martın 25-də saat 21:45-də start götürəcək.