35 il sonra doğma şəhərə dönüş: Xankəndini necə gördüm? - Nurşən Quliyev yazır
23.12.2023 - 22:44
35 il sonra doğma şəhərə dönüş: Xankəndini necə gördüm? - Nurşən Quliyev yazır

O günü çox yaxşı xatırlayıram. 1988-ci il idi, 14 yaşım vardı, 7-ci sinifdə oxuyurdum, heç nədən xəbərsiz Xankəndi (o vaxt Stepanakert) şəhəri Nizami Gəncəvi adına 4 nömrəli məktəbdə 4-cü saat idman dərsindəydim. 
Məndən iki yaş balaca, ikinci növbədə dərsə gələn qardaşım məni idman zalından çölə çağırıb dedi ki, avtobusdan düşüb dərsə gələndə şəhərin baş meydanında mitinq keçirildiyini görüb. Avtobus dayanacağı meydanın yanında idi, biz orda avtobusdan düşüb, meydandan keçib, məktəbə gələrdik. O da ikinci növbə dərsə gələndə meydanı vəhşiləşmiş, ağzı köpüklənmiş adamlarla dolu görmüşdü. Qardaşımdan xəbəri alanda ilk olaraq ayın tarixini yadıma saldım - 13 fevral. O vaxtın dili ilə desək, Böyük Oktyabr Sosial İnqilabının qeyd olunduğu 7 Noyabr deyil, Dünya Zəhmətkeşlərinin Həmrəylik bayramı olan 1 May deyil, onda bu adamlar niyə meydana toplaşıblar? 7 Noyabr, 1 Mayda həmin meydanda keçirilən nümayişdə, paradda mən də məktəbimizin heyətilə bir neçə dəfə iştirak etmişdim. Amma bu gün o günlərdən heç biri deyildi.
Mənim üçün Qarabağ məsələsi belə başladı - qardaşımın gətirdiyi xəbərlə. 
Ondan sonra çox şey oldu. Kitablara sığmayacaq günlər yaşadıq fərd olaraq, ailə olaraq, xalq olaraq. Amma indi onlardan danışmağın yeri deyil. 
Danışılmalı olan 14 yaşlı uşağın 35 ildən sonra Stepanakert kimi qoyub çıxmağa məcbur olduğu Xankəndiyə qayıtmasıdır. 
Xankəndi şeytan yuvasıydı. Şəhər böyük deyildi, amma burada Azərbaycana qarşı cızılan planlar böyük idi. Mənim doğma kəndimdən tutmuş böyük rayonlarımızın, şəhərlərimizin işğalına qədər bütün planlar burda hazırlanırdı. Xocalı soyqırımının ssenarisi burda yazılmışdı. Ona görə də Azərbaycanın Xankəndi üzərində də suverenliyinin təmin olunması, separatçı-şeytan yuvasının dağıdılması müxtəlif aspektlərdən fövqəladə hadisədir. 


Xankəndi sovet şəhəriydi. Sovet üslubunda tikilmiş binaların çoxluğu şəhəri indi də SSRİ qiyafəsində saxlayır. Sovetlər bu şəhərdə hər şeyi bolşevik-daşnak Stepan Şaumyanın adına uyğunlaşdırmışdı. Şəhər də onun adını daşıyırdı, şəhərin mərkəzində də onun artıq gorbagor olmuş heykəli qoyulmuşdu, məktəblərə, mərkəzi stadiona, digər vacib yerlərə də onun adı verilmişdi. SSRİ rəhbərliyi, Moskvanın dəstəyi ilə Ermənistan buranın Azərbaycan şəhəri olmasına heç vaxt imkan verməmişdi. 


Ağdamı ötüb Əsgərana çatanda qəribə hisslər keçirməyə başladım. Elə bil, Əsgərandan o yana mənə daha doğmadır. İzah eləmək çətindir. Yol boyu tanış olan nəsə tapmaq istəyirsən – ev, yol, ağac, kol - 35 il əvvəlki nəsə tanış bir şey. Əsgəran qalasını görəndə xatirələr çözələnir, çox tanışdır axı, həm də dəyişməyib. Əsgəranla Xocalının arası bir addımdır. Əsgərandan çıxdın, Xocalıdasan. Xocalıdakı körpü də eyni qalıb. Uşaq vaxtı maşın bu körpüdən keçəndə xoşuma gəlirdi. Eyni şeyləri hiss elədim.


Xocalı... Ordan dəhşət içində keçirsən. Xocalı sakinlərinin yaşadığı soyqırımını, soyqırımı qurbanlarının ruhunun başın üzərində dolaşdığını düşündükcə Zəfərimizin nə qədər böyük və qiymətli olduğunu bir daha anlayırsan. Ən azı Xocalının qisası alındığı üçün...


Xocalıdan sonra Xankəndidir. Şəhərin girişinə çatırıq. Yol polisi postu 35 il əvvəlki kimi yerindədir, binası dəyişib amma. Şəhərin girişindəki dairədə açar heykəlini də götürüblər. 
Yol polisi postu olan yerə işğaldan əvvəl “Şirin yanı” deyirdilər. Deyəsən, əvvəl orda şir heykəli qoyulubmuş, sonra götürülüb, ona görə yerin adı elə qalıbmış. Amma mən o heykəli görməmişdim, məndən əvvəl olmuşdu bunlar. 


Şəhərə giririk. Sağ tərəfdə təpənin üstündə ermənilərin üstündə əsim-əsim əsdiyi, göz yaşları ilə yuduğu məşhur “Biz və Bizim dağlar”, onların “papik-mamik” adlandırdığı iyrənc abidə yerindədir. Ona görə iyrənc deyirəm ki, qoca erməni arvadla kişini əks etdirən “papik-mamik” çox çirkindir. Biz görmüşük insan qocalanda üzünə nur gələr, sifətindən nur tökülər. Bu abidədəki qocalarda tam əksidir. Əslində, ermənilər qocalanda elə belə olurlar - abidədəki kimi, içlərindəki çirkinlikləri üzlərinə çıxır. O baxımdan abidənin müəllifini qınamaq da olmur. 
Avtobusdakılardan kimsə deyir ki, “bu abidə balaca imiş ki, fotolarda, videolarda böyük görünür”. Haqlıdır. Mən o abidənin böyük olmadığını bilirdim, çünki görmüşdüm. Onu bizim gözümüzdə böyüdən separatçılığın, işğalın simvolu olması idi. İndi separatçılıq da yoxdur, işğal da, onun simvolu olan abidənin “əzəməti” də... Hamısı gorbagor olub.


35 il əvvəl məcburən tərk elədiyimiz binamıza az qalıb. Dəqiq yadımdadır, şəhərə doğru gedəndə yolun solundakı beşmərtəbələr. Qarşısından keçdik. Düşüb getmək imkanım olmasa da, binamızı tanıdım. Xankəndidəki evimizlə bağlı yaddaşımda qalan ən işıqlı xatirə yay vaxtı səyyar kinostudiyanın həyətimizdə binamızın ağ divarında (kino pərdəsi kimi) bizə mültfilm göstərməsidir. 


Şəhərin baş küçəsi ilə irəliləyirik, qarşısından keçdiyimiz tanış binalar arasında keçmiş SSRİ-nin 60 illiyi adında keçmiş Stepakent Pedaqoji İnstitutunun binası da var. Amma binanın sir-sifəti dəyişib. 
Az sonra 13 fevralı qara tarixə çevirmiş həmin yerə çatırıq – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin - “Obkom”un yerləşdiyi meydana. 35 il həm özlərinin, həm də bizim həyatımızı zəhərləyən ermənilərin “Miatsum” (ermənicə “Birləşmək”. Ermənilər Qarabağın Ermənistana birləşməsi tələbi ilə bu şüarı səsləndirirdilər) zəhərini axıtdığı meydana.


Avtobusdan düşəndə elə bildim yuxu görürəm, 14 yaşım var, 4 nömrəli marşrut avtobusundan düşüb, meydandan keçib, məktəbə gedirəm. İnanılmaz və möhtəşəm hisslərdir. Çox təsirləndim. 
“Obkom”un binası heç dəyişməyib, eyni 35 il əvvəlki kimidir, ya da mənə elə gəldi. Ətrafındakı binalar isə dəyişib, yeniləri tikilib. Baxıram, seyr edirəm, 35 il əvvələ gedirəm, 35 ildə yaşadıqlarımızı düşünürəm...


Sevimli məktəbimizə, şəhər stadionuna düşən pilləkənlərin başındayam. Sağ-sol çox dəyişib, ağaclar qırılıb, yerində binalar tikilib. 
Sağ tərəfdəki park yerindədir. Dərsimiz boş olanda parkda, gəzər, dondurma yeyər, attraksionlara minərdik. Sevərdik buranı.  
Pilləkənlə düşüb stadiona çatanda oyunun başlamasına hələ xeyli vaxt qaldığından məktəbimizə getməkdən başqa nə gələ bilərdi ağlıma? Üzü yuxarı məktəbimizə tərəf qalxanda buraların da çox dəyişdiyini gördüm. Yeni binalar tikilib, ətraf dəyişib, relyef fərqlidir, əvvəlki yollar yoxdur. Bir anlıq çaş-baş qaldım. Əslində, məktəbimizə çatmış olmalıydım, amma məktəb yoxdur, tapa bilmirəm. 



Xankəndi sakinləri, məktəbimizin müəllimləri, şagirdləri məktəbin yanından “obkom”un binasına, meydana qalxan yolu yəqin xatırlayır. O yolda dayanmışam, məktəbin yerləşməli olduğu tərəfə baxıram, amma yoxdur. Başqa yeni tikililər var, məktəb görünmür.  
Necə ola bilər? Bəlkə söküblər, bəlkə səhv gəlmişəm. Açığı, məktəbi tapa bilməməyimə görə bir az da təlaşlanmışam. Ətrafa baxıram, yaddaşımı qurdalayıram, 35 il əvvəl gördüklərimi gözümün önünə gətirirəm. Məktəb binasının, həyətinin, həyətindəki bulağın, məktəbin futbol və voleybol meydançalarının yerini yadıma salmağa çalışıram. Dayandığım yerlə hər şey düz gəlir, amma məktəb yoxdur. Ümidim tamam üzülüb. Geri qayıtmaq istəyəndə aradan balaca pilləkənləri gördüm. Həmin pilləkənlərlə düşdüm və... 


Məktəbin qarşısına çıxdım. Demə, elə bayaqdan məktəbin yanında o tərəf-bu tərəfə gedib onu axtarırmışam. Tanımamışdım, çox dəyişib. Əvvəlki məktəb binasından əsər-əlamət yoxdur. Üzlüyü, dam örtüyü yenilənib, idman zalı, yeməkxana, emalatxana olan hissələri sökülüb, əsas giriş qapısının yeri dəyişdirilib. Çətin tanıdım, belə təsəvvür eləmirdim, elə bil başqa bina ilə üz-üzə dayanmışam. Həyətinə çıxmasaydım, tapa bilməyəcəkdim. Həyətdəki bulaq da yerindəydi, bumbuz suyu ilə... Quruluşunda dəyişiklik ediblər.
Çox sevirdim məktəbimizi, çox doğma idi. Orada qısa müddətdə - 2 il yarım oxusam da, buraxdığı iz bir ömürlükdür. 5-ci sinifdə bu məktəbə ilk gəlişim, məktəbli günlərim, müəllimlərim, sinif yoldaşlarım... Çox şey bölüşə bilərəm məktəbimizlə bağlı, amma qalsın. Bəlkə nə vaxtsa...


Stadiona getməliyəm. 35 il sonra Xankəndi şəhər stadionunda tarixi oyun olacaq. Bayaqdan deməyi unutmuşam, əslində, Xankəndiyə elə buna görə gəlmişəm. Çox adam gəlib bura. Zəfərin memarı - Ali Baş Komandan İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Zəfəri bizə yaşadan şəhidlərin ailələri, övladları, qazilər, tanınmış-tanınmamış adamlar... Çox adam var. Xankəndinin “Qarabağ” komandasının və “Neftçi”nin oyunçusu olmuş Samir Ələkbərov da burdadır. 37 il əvvəl - 1986-cı ildə “Qarabağ”ın heyətində onun oyununu stadionda izləmişdim. Ələkbərov oyunçularının, demək olar ki, hamısı erməni olan bu komandada tək azərbaycanlı idi. Buna görə ona xüsusi azarkeşlik edərdik. 
Xankəndi stadionu ilə bağlı bir xatirəm də var - “Neftçi”nin bu stadionda “Qarabağ”la yoldaşlıq oyunu. Həmin oyuna da baxmışdım. “Neftçi” 6:0 udmuşdu. 


İndi isə 2023-cü ilin 21 dekabrıdır. “Qarabağ”la MOİK qarşılaşır. Hamı sevinir, bir-birini təbrik edir, qucaqlaşır. Şeir deyən, mahnı oxuyan... Əsl bayram ab-havasındayıq. Burda hamı səmimidir, hamının sevinci ürəkdən gəlir. Mənə isə elə gəlir ki, hamıdan çox sevinən mənəm. Yanıla da bilərəm, amma səmimi olaraq belə hesab edirəm. Çünki ən böyük arzularımdan biri uşaqlığımın şəhərinə dönmək, onu görmək olub. 
Oyun bitir, hesabsa heç kim üçün vacib deyil. Mənim üçün də... Əsas oyunun keçirildiyi məkandır. Əsas Xankəndinin Azərbaycana qayıtmasıdır, bizim Xankəndiyə qayıtmağımızdır. Yuxarıda demişdim ki, Xankəndinin Azərbaycan şəhəri olmasına heç vaxt imkan verilməmişdi. Canlı şahidəm. Sovet vaxtı bu şəhərin küçələrində Azərbaycan dilində bir yazıya belə rast gəlmək mümkün deyildi, ancaq rus və erməni dillərində... Xankəndi hüquqi baxımdan Azərbaycan şəhəri idi, faktiki olaraq isə yox. Ermənilər də bu faktikini hüquqiyə çevirmək istədilər, sonda Dəmir yumruğu yedilər. Bax, indi Xankəndi əsl Azərbaycan şəhəridir – həm faktiki, həm də hüquqi. Xan babamızın kəndi artıq onun övladlarına əmanətdir. 


Səfər müddəti məhdud olduğundan doğma şəhərimin başqa yerlərini gəzə bilmədim – ancaq məktəbimizə və stadiona getdim, hə, bir də iki dəfə binamızın qabağından, küçəmizdən keçdim - şəhərə gedəndə və qayıdanda. 
Getdiyimiz Xocalı-Əsgəran-Ağdam yolu ilə geri qayıtdıq. Bu yolun nələrə şahidlik etdiyi düşündükcə isə adam dəhşətə gəlir. Ermənilər 1988-ci ildən ta 2023-cü ilin 19-20 sentyabrına qədər bu yolda, bu yol boyu yerləşən kəndlərimizdə, şəhərlərimizdə nə vəhşiliklər törədiblər, nə qanlar töküblər, nə faciələr yaşamışıq. Bu qədər qana susamış, xain, satqın, həyasız ikinci xalq yoxdur. Mümkün deyil. Heç kim məni bunun belə olmadığına inandıra bilməz. 


Şükür Zəfərimizə!!!

 

writer photo
Nurşən Quliyev
0