Şotlandiya müstəqil bir ölkə olmadığı üçün onların milli himnləri yoxdur. Bu səbəblə onlar “Flower of Scotland” ("Şotlandiyanın Çiçəyi") adlı musiqini de-fakto olaraq himn kimi qəbul edirlər.
Himn Robert Bryusun rəhbərliyi altında şotlandların ingilislərə qarşı apardıqları müharibədən və İngiltərə kralı II Edvardın Şotlandiyanı fəth etməzdən əvvəl “yenidən düşünmək üçün” evə necə göndərildiyindən bəhs edir. Himnin son misrasındakı “o günlər geridə qaldı, amma biz yenə də millət olmaq üçün ayağa qalxa bilərik” sözləri əvvəllər senzuraya məruz qalırdı. Lakin şotlandlar 1990-cı illərdən sonra çıxdıqları futbol matçlarında himnin tam versiyasını səsləndirməyə başlayıblar. Şotlandiya millisi 1980-ci illərə qədər İngiltərə millisinin də istifadə etdiyi "God Save the Queen" ("Tanrı kraliçanı qorusun") himnini oxuyurdu.
90-cı illərə qədər Şotlandiyada milliyyətçilik zəif idi. Elə həmin dövrdə keçirilən muxtariyyət referendumu və artan millətçilik Şotlandiyanı rəsmi Londonun gözündə artıq “təhlükəsiz qonşu” olaraq görünməsindən xeyli uzaqlaşdırdı. 100 il əvvəl ölkədə müstəqillik istəyini vətənə xəyanətlə eyniləşdirirdilərsə, bu gün demək olar ki, əhalinin yarısı bunu dəstəkləyir.
Bəlkə də filmi izləyənlər razılaşar, məncə, bu dəyişiklikdə “Cəsur Ürək” ("Braveheart") filminin böyük payı var. Yuxarıda qeyd etdiyim və himnin ithaf olunduğu Robert Bryus da həmin filmdə təsvir olunduğu kimi torpaq və pula görə əvvəlcə Uilyam Uollasa qarşı çıxır və Kral I Edvardın (Edward Longshanks) yanında yer alır. Uollasın edamından sonra isə o, peşman olur və özü ordunun başına keçir. Beləliklə, Bryus Kral I Edvardın (Edward Longshanks) oğlu II Edvardı müharibədə məğlub edən şotland komandanı kimi tarixə düşür...
Apasport.az AVRO-2024-ün A qrupu çərçivəsində keçirilən İsveçrə - Şotlandiya matçından öncə bütünləşmiş bir millət kimi himni oxuyan şotlandların videosunu sizə təqdim edir: