Azərbaycan çempionunun Çempionlar Liqasında potensial rəqibləri məlumdur
13.05.2008 - 11:19
Azərbaycan çempionunun Çempionlar Liqasında potensial rəqibləri məlumdur
İki səbətə bölünəcək bu komandalar arasında Azərbaycan çempionu ikincilər sırasında olacaq. Premyer Liqanın qalibi səpələnmiş 14 klubdan biri ilə qarşılaşacaq ki, bu potensial rəqiblərdən yalnız üçü hələlik bilinmir. “Dinamo” (Zaqreb, Xorvatiya), “Höteborq” (İsveç), “Anartosis” (Kipr), “Tampere Yunayted” (Finlandiya), “Ventspils” (Latviya), “Kaunas” (Litva), “Şerif” (Moldova), “Dinamo” (Tiflis, Gürcüstan), “Rabotniçki” (Makedoniya), “Droheda” (İrlandiya), “Valyur” (İslandiya) klubları ilə yanaşı, Sloveniya, Slovakiya, Bosniya və Herseqovina çempionları da Azərbaycan Premyer Liqasının qalibi ilə qarşılaşa bilər.
UEFA kubokunda mübarizə aparacaq Azərbaycan klubları isə Mərkəz-Şərq zonasında yarışacaq 22 komanda sırasında yer alıb. Əmsalı aşağı olduğundan, burada da təmsilçilərimiz səpələnmiş rəqiblərdən biri ilə görüşəcək. Potensial rəqiblər arasında “Austriya” (Vyana, Avstriya), “Austriya” (Zalsburq, Avstriya), “Legiya” (Polşa), Azərbaycan milli komandasının müdafiəçisi Saşa Yunisoğlunun çıxış etdiyi “Qrotslin” (Polşa), “Bellinzona” (İsveçrə), “Nistru” (Moldova) və “Daçiya” (Moldova) klublarının adı var. Slovakiya və Macarıstanda ölkə kuboku və gümüş mükafat qazanan komandalar da təmsilçimizə rəqib olacaq.
Qeyd edək ki, qitə kuboklarının püşkü iyunun 27-də atılacaq.
0