Kaxaber Sxadadze: “Heç kim deyə bilməz ki, “Turan”la oyunun əhəmiyyəti bizim üçün azdır”
16.05.2008 - 16:22
Kaxaber Sxadadze: “Heç kim deyə bilməz ki, “Turan”la oyunun əhəmiyyəti bizim üçün azdır”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Çempionatda iştirak edən bütün klublara, o cümlədən “Turan” və “Standard”a xal lazımdır. Hər komanda xal qazanmaq, qələbə əldə etmək istəyir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Standard” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib. Azərbaycan Premyer Liqasının növbəti turunda Tovuzda “Turan”la qarşılaşacaq paytaxt klubunun çalışdırıcısı oyunun əhəmiyyətli olduğunu bildirib: “Heç kim deyə bilməz ki, Premyer Liqada qalmağı təmin etmiş “Standard” üçün oyunun əhəmiyyəti azdır. Biz xal ehtiyatımızı maksimum artırmaq istəyirik. Amma heç də həmişə istədiyimiz kimi alınmır. Bəzi amillər həmişə işimizə mənfi təsir göstərir”. Gürcüstanlı məşqçi vurğulayıb ki, rəhbərlik etdiyi kollektiv “Turan”la görüşə tam heyətlə çıxa bilməyəcək: “İki aparıcı müdafiəçimiz Ruslan Qafitullin və Tural Nərimanov zədə ucbatından forma geyinməyəcəklər. Onların çempionatın axırıncı turunda oynayıb-oynamayacağı da hələ məlum deyil. Bundan başqa meydançanın ot örtüyündən də xəbərim yoxdur. Birinci dövrədəki matçın video kasetini izləmişəm. Həmin qarşılaşmada əlverişli imkanlardan yararlana bilmədiyimizdən “Turan”a qalib gəlməyi bacarmamışıq”.
Qeyd edək ki, aktivində 17 xal olan “Turan” hazırda yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb. İlk dövrədə “Standard” öz meydanında Tovuz təmsilçisi ilə heç-heçə oynamışdı (1:1).
0