“Neftçi” klubunun avrokuboklarda ən sərrast futbolçusu kimdir?
23.06.2008 - 15:38
“Neftçi” klubunun avrokuboklarda ən sərrast futbolçusu kimdir?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun müdafiəçisi Rəşad Sadıqov komandasının avrokuboklarda ən sərrast futbolçusudur. “APA-Sport” agentliyinin məlumatına görə, İntertoto kubokunun birinci mərhələsində Slovakiyanın “Nitra” klubunun qapısına qol vuran 26 yaşlı müdafiəçi qitə miqyaslı turnirlərdə qol hesabını 2-yə çatdırıb. Ötən il Avstriyanın “Rid” komandasının qapısına yol tapan R.Sadıqov bu göstəricidə flaqmanın tarixi ərzində ən yaxşı göstəriciyə malikdir. Belə ki, bakılıların qitə kuboklarında vurduğu 18 qola imza atan oyunçulardan heç biri daha çox uğur əldə etməyib. İndiyədək yalnız Vadim Vasilyev və Tomislav Mişura “Neftçi”nin iki qolunun müəllifi olmuşdu ki, onların hər ikisi bunu bir mövsümdə gerçəkləşdirib. Flaqmanın ayrı-ayrı mövsümlərdə qol vuran yeganə oyunçusu hücumçulardan fərqli göstəricisini daha da artıra bilər.
“Nitra” ilə oyunda ikinci qolun müəllifi Rəşad Sadiqov isə bakılıların heyətində avrokuboklarda qol vuran 15-ci oyunçu olub. Maraqlıdır ki, UEFA-nın rəsmi internet saytı “Neftçi”nin oyunu ilə bağlı qısa şərhində R.Sadıqov və R.Sadiqovu səhv salıb. Onlar R.Sadıqovun iki qol vurduğunu qeyd edib.
0