Qurban söz verdi
01.12.2008 - 12:39
Qurban söz verdi
Rusiya Futbol İttifaqının (RFS) rəhbərliyi Premyer Liqanın qalibi “Rubin”in “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində əsas heyətlə mübarizə aparmasını istəyir. Apasport.az saytının məlumatına görə, qurumun prezidenti Vitali Mutko Kazan klubun turnirə ciddi yanaşdığını düşünür.

Hətta bununla bağlı “Rubin”in baş məşqçisi Qurban Berdıyev Mutkoya söz də verib. RFS prezidenti belə deyib: “Rubin”in “Birlik kuboku”na əsas heyətlə gələcəyi ilə bağlı klub rəhbərliyi mənə təminat verib. Qurban Berdıyevlə şəxsi görüşümüzdə də o, məni buna inandırdı”.

Mutkonun sözlərinə görə, turnirlə bağlı təşkilati məsələlər həllini tapıb: “Artıq “Olimpiyski” manejini icarəyə götürmək haqda razılığa gəlmişik. Turnirin büdcəsi, təşkilat komitəsinin tərkibi də təsdiqlənib. Yarışın təqvimi hazırlıq mərhələsindədir. FİFA və UEFA prezidentləri də yarışda iştiraklarını təsdiqləyiblər. Lakin biz Yozef Blatterlə Mişel Platinini ayıracağıq. Onlardan biri açılış mərasimində, digəri finalda iştirak edəcək”.

Qeyd edək ki, bu gün püşkü atılacaq “Birlik kuboku” uğrunda yarış 2009-cu il yanvarın 17-dən 25-dək keçiriləcək.
0