Yunis Hüseynov: Qapıçını komandadan hələlik qovmuşam
02.12.2008 - 14:25
Yunis Hüseynov: Qapıçını komandadan hələlik qovmuşam
“Qapıçı Vitali Kovalyovu komandadan birdəfəlik kənarlaşdırmamışam. Həm Kovalyova, həm də müdafiəçi Ruslan Qafitullinə zəif çıxış etdikləri üçün ciddi xəbərdarlıq etmişəm. Hər iki futbolçunu gələn ilin yanvarın 4-də start götürəcək təlim-məşq toplanışına cəlb etmək fikrim var”. Bu sözləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Onun bildirdiyinə görə, Kovalyovun komandadan qovulması, yaxud transferə çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqətəuyğun deyil: “Vitali və Ruslan “Standard”da rəhbərliyim altında çıxış ediblər. Onlar “Karvan”da ümidlərimi doğrultmurlar. Söhbət təkcə son turda “Qarabağ”a uduzduğumuz oyundan yox, ümumiyyətlə, ilk dövrədən gedir. Onlar barəsində belə ölçü götürməyim bu futbolçulardan şübhələnməyimlə bağlı deyil. Kovalyovla Qafitullində yaxşılığa doğru dəyişikliklər olarsa, yanvarın 15-də Türkiyəyə təlim-məşq toplanışına yollanan heyətdə onlara da yer verəcəyəm”.

Premyer Liqanın ilk dövrəsini 6-cı yerdə bitirən “Karvan”ın 43 yaşlı çalışdırıcısı komandasının oyunundan və nəticədən razı qalıb: “Düzdür, bəzi matçlarda arxayınçılığın qurbanı olduq. Məsələn, “Turan”ı evdə udmalı olduğumuz halda, 1:1 hesablı heç-heçə etdik. Yersiz xal itkiləri olmasaydı, turnir cədvəlinin daha yuxarı pillələrində qərarlaşa bilərdik. Hər halda, komandamda mövsümü mükafatçılar sırasında başa vurmaq potensialı görürəm və sonadək buna çalışacağıq”.

Yarımmüdafiəçi Azər Cabbarovla yollarını birdəfəlik ayırdıqlarını söyləyən baş məşqçi bunu futbolçunun öz istəyi ilə əlaqələndirib. Hüseynov vurğulayıb ki, heyətin gücləndirilməsi məqsədilə 4-5 yeni futbolçu transfer ediləcək. Hazırda istirahətdə olan “Karvan”ın üzvləri dekabrın 22-də yüngül məşqlərə başlayacaqlar. Yevlax təmsilçisi yanvarın 15-də Antalyaya üç həftəlik hazırlıq prosesinə yollanıb, orada yoxlamı oyunları keçirəcək.
0