Dağıstanda azərbaycansayağı fənd
02.12.2008 - 16:27
Dağıstanda azərbaycansayağı fənd
Bir müddət əvvəl Dağıstanda 1990-92-ci il təvəllüdlü futbolçular arasında keçirilmiş beynəlxalq turnirlə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, yarışa Azərbaycanın adı altında başqa oyunçulardan formalaşmış komanda qatılıb.

AFFA rəhbərliyi turnirdə iştiraka razılıq versə də, yarışın U-19-un planlarına uyğun gəlmədiyini əsas gətirərək, fikrindən daşınıb. Əgər ölkənin ən ali futbol qurumu turnirdən imtina etməsəydi, Dağıstana Yaşar Vahabzadənin başçılığı altında yığmamız yollanacaqdı.

Təşkilatçılar imtina qərarını öyrəndikdən sonra vəziyyətdən çıxış yolu tapmaq məqsədilə uzun illər milli çempionatımızda oynamış Kamran Nurəhmədovla əlaqə saxlayıblar. Hazırda Dağıstanın həvəskar komandalarından birini çalışdıran Nurəhmədov öz növbəsində Yaşar Vahabzadəyə zəng vurub. O, yarışda Azərbaycanı təmsil etmək üçün Vahabzadədən şifahi razılıq alıb.

Beləliklə, Nurəhmədov yaşadığı Qusar rayonunun yeniyetmələrdən və sərəncamında olan gənc dağıstanlılardan ibarət Azərbaycan “yığması” formalaşdıraraq, turnirə qatılıb. Onun komandası dairəvi sistemlə keçirilən yarışda 5 kollektiv arasında 2-ci yeri tutub.
0