Musayev: Uçan boşqablardan danışan var, amma görən yoxdur
02.12.2008 - 17:08
Musayev: Uçan boşqablardan danışan var, amma görən yoxdur
“Premyer Liqanın ilk dövrəsini müsbət qiymətləndirmək olar. Bunu özümdən razılıq əlaməti kimi qəbul etməyin. Görülən işlərdə jurnalistlərin də böyük əməyi var”. Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bu gün keçirdiyi mətbuat konfransında deyib. Əvəzedici komandaların çempionatının keçirilməsini, yerli futbolçuların, eləcə də Pro və A kateqoriyası olan məşqçilərin rüsumdan azad edilməsini təqdirəlayiq hal sayan Musayev hakimlərdən danışıb.

O bildirib ki, Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynovun son turda keçirilən “Qarabağ”la matçın hakimliyindən narazılığı haqsızdır: “Hüseynova böyük hörmətim var. Ancaq udmağı da bacarmaq lazımdır, uduzmağı da. “Qarabağ”la görüşdən əvvəl Hüseynov zəng vuraraq, bu matça Anar Niyazovun təyin olunmaması üçün müraciət etdi. Məşqçi bunu həmin hakimin onlara düşməməsi, Niyazovun idarə etdiyi qarşılaşmaları uduzduqları ilə əsaslandırdı. Açığı, mən Hüseynovun dediklərini başa düşmədim. Məgər Zaur Ramazanov “Karvan”ın qapısına qol vuranda Niyazov ona maneçilik törətməli idi?”.

Musayev narazılıq üçün faktların olmasını vacib sayır: “Mən “Neftçi”nin vitse-prezidenti olanda İmanxan Sultaninin oyunlarımıza təyinat almaması ilə bağlı AFFA-ya rəsmi müraciət göndərmişdim. Çünki bu hakimin “Olimpik”lə görüşdə qərəzli idarəçiliyi barədə faktlarım var idi və bunu sübuta yetirmişdim. Yoxsa tutarlı fakt olmadan hakimin dəyişdirilməsi, nəticənin ləğv edilməsi ilə bağlı müraciətlər yersizdir. Çox adam uçan boşqablardan danışsa da, onu görən yoxdur”.

“Xəzər-Lənkəran” rəhbərliyinin “Simurq”la səfər matçından şikayətinə gəlincə, PFL prezidenti ən mübahisəli məqam olan gürcü futbolçu David Bolkvadzenin əllə qol vurulması epizoduna belə münasibət bildirib: “Həmin epizodda top qaydalar çərçivəsində vurulub. Buna aid məndə videoyazı var. “Xəzər-Lənkəran”ın prezidenti Mais Mənsimov PFL-ə prezident seçilməyimə əlini qaldıraraq, səs verən ilk şəxslərdən biridir. Məndən ona salam çatdırarsınız. “Bakı” rəhbərliyi də “Simurq”la səfər oyununda hakimlərdən narazı idi. Paytaxt klubu buraxdığı jurnalda vurduqları topun qapı xəttini keçməsi ilə bağlı şəkil var. Halbuki, videoyazıda top qapı xəttini keçməyib. “Bakı”lılarla əlaqə saxlayıb, “bu nə şəkildir, ayıb deyilmi” dedim. Onlar da mənə şəklin montaj olunduğunu etiraf etdilər”.

Hakimliləri yox, haqq-ədaləti müdafiə etdiyini vurğulayan Musayev onun üçün ən əsas düzgünlüyün olduğunu qeyd etdi: “Hakimlər mənə hörmət edirlər. Onlarla maraqlanır, işlərinə ciddi nəzarət edirəm. Hakim-inspektorlar arasında bəzən düzgün qiymət verməyənlər olur. Qiyməti şişirdənlər ikinci dövrədən oyunlara təyinat almayacaqlar. Klubların bilərəkdən uduzması ilə bağlı faktlar olarsa, onları çempionatdan çıxaracağıq və onlar dörd il qurumumuzun bayrağı altında yarışlarda iştirak edə bilməyəcək. Konkret ilk dövrədə “Simurq” - “İnter” oyununda qəsdən uduzma faktı aşkarlanmayıb. Ora göndərilən inandığım şəxslərdən belə cavab almışam”.
0