Komitə sədrləri müttəhimlər kürsüsündə
02.12.2008 - 17:54
Komitə sədrləri müttəhimlər kürsüsündə
AFFA-nın Hakimlər Komitəsi sədri Xaqani Məmmədovla Hakim-İnspektorlar Komitəsinin rəhbəri Gülağa Cabbarov birgə mətbuat konfransı keçirəcək. Apasport.az saytının məlumatına görə, onlar dekabrın 5-də assosiasiyanın mənzil-qərargahında keçiriləcək tədbirdə jurnalistləri maraqlandıran sualları cavablandıracaqlar.

Əslində, hər iki komitə sədri Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayevin bu gün keçirdiyi mətbuat konfransına qatılıblar. Lakin onlar susmaqla kifayətləniblər. Musayev bildirib ki, Məmmədov və Cabbarov özləri mətbuat konfransı keçirəcəklər və AFFA rəsmilərinə sualları həmin vaxt ünvanlamaq daha məqsədəuyğundur.

Komitə sədrlərini mətbuat konfransına bilərəkdən çağırdığını deyən PFL prezidenti yarızarafat, yarıgerçək onları müttəhimlər kürsüsündə oturtduğunu bəyan edib. Mətbuat konfransı zamanı hərəyə yalnız bir dəfə fikir bildirən Məmmədovla Cabbarov simulyasiya hallarına toxunub. Bildirilib ki, bununla bağlı əsasnamə olmadığından futbolçuların bilərəkdən yıxılmaları ilə bağlı son qərarı vermək hakimin özünə məxsusdur.
0