Premyer Liqada videokameralar artır
02.12.2008 - 18:15
Premyer Liqada videokameralar artır
Azərbaycan Premyer Liqasının növbəti mövsümündə vərəqələrlə bağlı cəza qərarları dəyişdiriləcək. Apasport.az saytının məlumatına görə, çempionat və kubokda alınan sarı vərəqələr bir-birinə şamil olunmayacaq. Futbolçuların bu turnirlərdə aldıqları xəbərdarlıqlar ayrı-ayrı hesablanacaq.

Çempionatda yenə dörd sarı vərəqə alan futbolçu növbəti turu buraxacaqsa, kubokda vəziyyət fərqli olacaq. Belə ki, kubok yarışında iki sarı vərəqə alan oyunçu cəzalı duruma düşərək, məhz bu turnirdə növbəti görüşdə meydana çıxa bilməyəcək.

Peşəkar Futbol Liqasının rəhbərliyi ikinci dövrədən etibarən qarşılaşmalara 4 yox, 6 videooperator göndərməyi planlaşdırır. Bundan başqa, futbolkaların nömrələrinə də ciddi nəzarət olunacaq. Əgər oyunçunun 2 və ya bundan çox nömrə daşıdığı aşkarlanarsa, onun şərəfini qoruduğu klub 1000 manat cərimələnəcək.

2009/10 mövsümündə 12 komanda 4 dövrədə mübarizə aparacaq. İki dövrənin yekununa görə, 1-6-cı yeri tutanlar öz aralarındakı oyunlarda qazanılan xallar saxlanılmaqla mükafatlar, 7-12-ci yeri tutanlar isə Premyer Liqada yerlərini qorumaq uğrunda daha iki dövrə yarışacaqlar. Kubok yarışını da nəzərə alsaq, klublar 1 mövsümdə 40 matç keçirmək imkanı olacaqlar ki, bu da oyun təcrübəsinin artırılmasına hesablanıb.
0