Azərbaycan “Qızıl top” müsabiqəsində fərqləndi
03.12.2008 - 12:29
Azərbaycan “Qızıl top” müsabiqəsində fərqləndi
Azərbaycan “Frans Futbol” nəşrinin Avropanın 2008-ci il üçün ən yaxşı futbolçusu ilə bağlı keçirdiyi müsabiqədə fərqlənib. Apasport.az saytının məlumatına görə, “Qızıl top” uğrunda mükafat qaliblərinin adları açıqlanarkən, ilk “üçlüy”ü ardıcıllığı ilə düzgün müəyyənləşdirən 12 ölkədən biri də biz olmuşuq.

96 respondentin iştirak etdiyi səsvermədə daha 11 dövlət - Qazaxıstan, Gürcüstan, Ermənistan, Çexiya, Lüksemburq, Norveç, Qana, Paraqvay, ABŞ, Peru və Səudiyyə Ərəbistanı da seçimi düz edib. Nəticədə Portuqaliya yığmasının və “Mançester Yunayted” 23 yaşlı yarımmüdafiəçisi Kriştianu Ronaldo 480 mümkün xaldan 446-nı toplayaraq, birinci yeri tutub.

İkinci və üçüncü sırada müvafiq olaraq, argentinalı yarımmüdafiəçi Lionel Messi (“Barselona”, 281 xal) və bu il Avropa çempionu tituluna yiyələnən ispaniyalı hücumçu Fernando Torres (“Liverpul”, 179 xal) qərarlaşıb.

Sorğuda hər ölkə 5 futbolçuya səs vermək imkanına malik olub. Azərbaycanın 4-cü yerdə göstərdiyi “Valensiya” klubunun və İspaniya yığmasının 27 yaşlı hücumçusu, Avropa çempionatının bombardiri David Vilya yekunda 55 xalla 7-ci pilləni tutub. Bundan başqa, 5-ci sırada göstərdiyi “Zenit”in və Rusiya milli komandasının üzvü Andrey Arşavin isə 67 xalla 6-cı olub.

Maraqlıdır ki, səsverməyə qatılanlar ölkələrdən yalnız biri ilk “beşliy”i düzgün müəyyənləşdirib. Bu, futbolu yüksək səviyyədə inkişaf etməyən Səudiyyə Ərəbistanıdır.
0