“İnter”: dünyanın 30-cu komandası
03.12.2008 - 13:41
“İnter”: dünyanın 30-cu komandası
Bakının “İnter” klubu dünyanın 30-cu komandasıdır. Apasport.az saytının hesablamalarına görə, paytaxt təmsilçisi dünyanın 126 liqasında çıxış edən 1905 kollektiv arasında ən yüksək göstəricilərə malik klublar sırasındadır.

Azərbaycanın son çempionu “İnter” cari mövsümün birinci dövrəsini 31 xalla 1-ci pillədə bitirib. Bu, bakılıların ilk dövrədə keçirdikləri 13 matçın hər birində orta hesabla 2,38 xal toplaması anlamına gəlir. Qeyd olunan göstərici Valentin Xodukinin komandasının dünyada 30-cu, Avropada isə 20-ci olmasına kifayət edir. Ən yaxşı nəticələr isə ərəb komandalarına məxsusdur. Suriyanın “Əl-Ceyş” komandası 1-ci (2,75), Liviya “Əl-Əyn”i 2-ci (2,69) sırada qərarlaşıb. Avropanın ən yaxşısı olan “Seltik” (Şotlandiya) 2,68 xalla 3-cü yerdədir.

Ən zəif 30 komanda arasında isə 4 təmsilçimiz var. Planetin ən zəifi 22 görüşdə cəmi 3 xal qazanan “London Siti”dir (Kanada). Dörd xala malik “Turan” yalnız 5 komandanı qabaqlayır. “Muğan” və MOİK 5 xalla 17-18-ci, bundan bir xal çox toplayan “Bakılı” isə 26-cı sıradadır.

Cari mövsümün hər 13 qarşılaşmasında uduzmayan “İnter” bu göstəricidə dünyanın 14-cü komandasıdır. Daha 4 kollektivin də malik olduğu nəticəyə imza atan bakılılar liderlərdən çox uzaq düşüblər. Estoniyanın “Flora” 31, həmçinin “Levadiya” komandaları isə 27 məğlubiyyətsiz oyunla bu statistikada 1-ci yerdədirlər.

Premyer Liqanın startından qələbə üzünə həsrət qalan “Turan” “30-luq”da yer alıb. Tovuzlular daha 4 komanda ilə birlikdə 16-20-ci yerləri bölüşür. Bu göstəricidə birinci yeri isə Paraqvayın “Silvio Pettirossa” tutur. Cənubi amerikalılar 33 oyundur qalib gələ bilmir.

Dünyanın ən az qol vuran 30 komandasından ikisi Azərbaycanı təmsil edir. Keçirdiyi 13 matça 7 top vuran MOİK bu siyahıda 30-cu yeri tutur. Orta məhsuldarlığı 0,55-ə bərabər olan “hərbçilər”dən fərqli, “Turan” cəmi 3 qola sevinib. Bu isə planetin ən aşağı ikinci nəticəsidir. Hər oyuna 0,23 top vuran tovuzlular yalnız İsrailin “İroni Kiriat” komandasından öndədir. Belə ki, sonuncuların məhsuldarlığı 0,16-ya bərabərdir.

Müdafiə xəttinin etibarlılığı ilə öyünən “Bakı” dünyada da fərqlənir. 13 tur ərzində cəmi 6 top (orta hesabla 0,46) buraxan “zolaqlılar” planet üzrə 17-ci sıradadır. Bu göstəricidə zirvəni ələ keçirən Mərakeş “Vidad”ı isə hər matçda 0,27 qol buraxır.

Ən çox top buraxan komandalar arasında “Bakılı”ya da yer tapılıb. Birinci dövrədə qapısında 32 qol (hər oyuna 2,46 qol) görən paytaxt təmsilçisi 25-cidir.

Premyer Liqa isə məhsuldarlığına görə yalnız 91-ci yerdədir. Hər matçında orta hesabla 2,39 qol vurulan çempionatımız 126 ölkədən yalnız 35-ni qabaqlayır. Ən məhsuldar çempionat Andorrada keçirilir - hər görüşdə 4,4 qol. Albaniyada isə “qol qıtlığı” hökm sürür (1,8 qol).
0