Ramazanovun fəlsəfəsi: Həyatda hər şey mümkündür
03.12.2008 - 14:49
Ramazanovun fəlsəfəsi: Həyatda hər şey mümkündür
“Qarabağ”ın heyətində qolları yalnız keçmiş komandalarıma vurmağım sırf təsadüfdür. Meydana çıxanda rəqibdən asılı olmayaraq, qol vurmaq istəyirəm. Mənim üçün görüşdüyüm komandanın fərqi yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun hücumçusu Zaur Ramazanov deyib.

Cari mövsümdə “Bakılı”, “Xəzər-Lənkəran”, “Karvan”ın qapısına yol tapan 32 yaşlı futbolçu son iki komandanın heyətində çempionatımızın ən sərrast oyunçusu olub. Bombardirlik iddiasına düşən Zaur ikinci dövrədə öz sözünü demək fikrindədir: “Həyatda mümkünsüz heç nə yoxdur. İndiyədək bir çoxlarına necə qol vurmağı göstərmişəm. Son illərdə bombardirlər yarışından kənara çəkildikdən sonra adətən legionerlər fərqləniblər. Yalnız ötən mövsüm Xaqani Məmmədov 1-i yeri tutdu. Səviyyəli legionerin çempionatımızın ən sərrast oyunçusu olmasına yox, futbolçunun təsadüfən bombardirə çevrilməsinə pis baxıram. İstərdim ki, çempionatımızın bombardiri öz oyunçumuz olsun”.

Ramazanov “Xəzər-Lənkəran”dan ayrıldıqdan sonra transfer edilən İvan Svetkov 10 qolla ilk dövrənin ən sərrast futbolçusudur. Hesabında 2 qol olan Zaur bolqarıstanlı həmkarına çatmağı real sayır: “Svetkov əsasən zəif komandalara qol vurub. Onu keçəcəyimə söz verməsəm də, bombardir olmağa çalışacağam. O, MOİK-lə görüşdə dörd dəfə fərqlənmişdi. Mən də ikinci dövrədə belə rəqiblərə çoxlu qol vurmaqla, liderə çata bilərəm. Düzdür, ilk dövrədə mənim də zəiflərə qol vurmaq imkanım var idi. Ancaq top qapıya girməyəndən sonra onu zorla tora sala bilmərəm ki?”

Klub karyerasına xüsusi diqqət yetirən hücumçu üçün yığma arxa plana keçib: “Milli komandamızın baş məşqçisi Foqtsdan dəvət gözləmirəm. Çünki onun başqa ideyaları var. Foqts yığmanın heyətini gəncləşdirir. Mənim də kiçik qardaşım gənc futbolçudur. Gənclərin oynamasına pis baxmıram. Ancaq birdən-birə heyətin gənc oyunçulardan təşkil olunması da düzgün deyil. Onların yanında təcrübəli futbolçular olmalıdır. Sabah da deyəcək, gənclərlə alınmadı, yenidən yaşlıları çağıraq”.

Qeyd edək ki, milli komandamızda keçirdiyi 14 oyunda fərqlənməyən Ramazanov Foqts tərəfindən yalnız bir dəfə yığmaya çağırılıb. Bosniya və Herseqovina, eləcə də Andorraya yoldaşlıq görüşlərində iştirak edən Zaur milli çempionatımızda 125 oyunda 68 qola imza atıb.
0