“Professor”a müştəri tapıldı
03.12.2008 - 16:16
“Professor”a müştəri tapıldı
“Artıq bir klubdan təklif almışam. Lakin bu komandaya keçidim dəqiqləşmədiyindən ad açıqlaya bilmərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”lə müqaviləsinin müddəti dekabrda başa çatacaq Mahmud Qurbanov deyib.

Bir müddət öncə heç bir təklif almadığını söyləyən 35 yaşlı yarımmüdafiəçi ilə artıq maraqlanan var. Paytaxt komandalardan birinə keçəcəyi gözlənilən Mahmud “Qarabağ” və “Olimpik” variantları ilə bağlı suala cavab verməkdən yayınıb: “Bu suala da cavab verə bilməyəcəm. Mənə yalnız bir komandadan təklif gəlib. Transfer rəsmiləşəndə bunun hansı klub olduğu mətbuata açıqlanacaq”.

Qurbanov əcnəbi mütəxəssislərin rəhbərliyi altında oynayanda əksər hallarda problemlə üzləşir. Bu baxımdan “professor” ləqəbli futbolçunun yerli məşqçilərdən birinin başçılıq etdiyi komandada oynayacağını gözləmək olar. Mahmud özü də azərbaycanlı çalışdırıcılarla işləməyin tərəfdarıdır: “Yəqin ki, yerli baş məşqçinin rəhbərlik etdiyi komandaya keçəcəyəm”.

Qeyd edək ki, hələ 4 il öncə milli komandanın o vaxtkı braziliyalı baş məşqçisi Karlos Alberto Torreslə münasibətləri korlanan Mahmud yığmada oynamaqdan imtina etmişdi. “İnter”də daha bir əcnəbi çalışdırıcı - ukraynalı Valentin Xodukinlə onun arası dəyib. Paytaxt klubunda ehtiyatda oturan yarımmüdafiəçi tədricən yığmanın almaniyalı baş məşqçisi Berti Foqtsun da gözündən düşüb. Qurbanovun legioner karyerası da məhz məşqçilərə görə alınmayıb. Ukrayna “Tavriya”sında oynadığı zaman baş məşqçisi Anatoli Zayayev onu “professor” adlandırsa da, sonradan Mahmuda heyətdə yer vermirdi.
0