Argentinalılar “Xəzər-Lənkəran”dan 40 min dollar istəyiblər
03.12.2008 - 16:37
Argentinalılar “Xəzər-Lənkəran”dan 40 min dollar istəyiblər
Argentinanın “Kilmes” klubunun futbolçusu Dieqo Sekeyra cari mövsüm “Xəzər-Lənkəran”da çıxış etməli imiş. Apasport.az saytının məlumatına görə, Argentina mətbuatına müsahibə verən 21 yaşlı müdafiəçi transferin baş tutmamasının səbəbini açıqlayıb. O deyib ki, tərəflər transfer qiymətində ortaq məxrəc gələ bilmədiklərindən keçid alınmayıb.

Futbolçunun meneceri Mauro Byanki da maddi amillərin həlledici rol oynadığını söyləyib: “Hələ mövsümün əvvəlində Türkiyənin “Sakaryaspor” klubu Dieqonu icarəyə götürmək istəyirdi. Lakin türklər mənim müştərimi “Xəzər-Lənkəran” rəsmilərinə məsləhət gördülər. Ancaq pul məsələsində razılıq əldə olunmadı. “Kilmes” rəhbərliyi futbolçu üçün 40 min ABŞ dolları tələb etməklə yanaşı, gələcəkdə də transferdən gələn pulun 30 faizinə sahib çıxmaq istəyirdi. İndi Dieqonun transfer qiyməti 250 min dollara yüksəlib”.

Argentina çempionatının ikinci dəstəsində mübarizə aparan “Kilmes” 17 turdan sonra 11-ci yerdə qərarlaşıb. Sekeyra bu matçların yalnız 7-də meydana çıxıb. Ölkə çempionatlarında 38 görüşdə 1 qol vuran Dieqo cari mövsüm az oynamasını Azərbaycana səfəri ilə əlaqələndirib: “Mövsümün ilk turunda “Platense”yə qarşı forma geyindim. Ardından Azərbaycana səyahətim başladı. Xoşbəxtliyimi Avropada sınamaq axtarırdım. Lakin müəyyən səbəblərdən heç nə alınmadı və məcburiyyət qarşısında qalıb, vətənə qayıtdım”.
0