Dünya futbolunun fantastik transferi alınmadı
03.12.2008 - 18:09
Dünya futbolunun fantastik transferi alınmadı
İngiltərənin “Mançester Siti” klubu dünya futbolunda yeni rekorda imza atmaqdan məhrum olub. Apasport.az saytının məlumatına görə, Mançester təmsilçisi Madrid “Real”ının və İspaniya yığmasının qapıçısı İker Kasilyası almaq üçün 128 milyon funt sterlinq xərcləmək istəyib.

Futbolçunun agenti ilə əlaqə saxlayan “Mançester Siti” rəhbərliyi bir vaxtlar “Real”ın müəyyənləşdirdiyi rekordu qıra bilərmiş. Belə ki, dünya futbolunda ən bahalı transfer 2001-ci ildə “Yuventus”dan 50 milyon funt sterlinq müqabilində Zinəddin Zidanı alan “Real”a məxsusdur.

İngilislər bu il İspaniya yığmasının kapitanı kimi Avropa çempionu titulunu qazanan Kasilyasa həftədə 230 min, bir ildə isə 11 milyon funt sterlinq maaş təklif edib. Bununla da, 27 yaşlı İker dünyanın ən ödənişli futbolçusu olmaq şansına yiyələnib. Lakin o, “Mançester Siti”nin cəlbedici təklifindən imtina edərək, “Real”da qalmağı üstün tutub.

Xatırladaq ki, Britaniya futbolunda rekord transfer məbləği bu il sentyabrın 1-də qeydə alınıb. Həmin gün “Mançester Siti” 32,5 milyon funt sterlinq xərcləyərək, “Real”dan 24 yaşlı braziliyalı hücumçu Robinyonu alıb.
0