Bizsiz reytinqin nə dadı-duzu?
03.12.2008 - 18:41
Bizsiz reytinqin nə dadı-duzu?
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın 350 ən güclü klubunun siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, son bir ilin nəticələrinə əsasən tərtib olunan reytinq cədvəlində Azərbaycanın heç bir komandası yer almayıb.

Yığmamızın hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu Serbiyanın “Srvena Zvezda” klubu 205-ci sıradadır. Belqrad təmsilçisi ötən ayla müqayisədə 37 pillə irəliləyib.

İFFHS-in siyahısına İspaniyanın “Barselona” klubu başçılıq edir. Hesabında 278 xal olan kataloniyalılar ən yaxın izləyiciləri - “Mançester Yunayted” və “Liverpul”u (hər ikisi İngiltərə) 15 xal qabaqlayır.

Cədvəldə yer alan Türkiyə komandalarının sayı isə 7-yə çatıb. “Qalatasaray” bir ay əvvəl olduğu kimi, yenə 56-cı pillədə qərarlaşıbsa, “Fənərbaxça” 4 (22-ci yer), “Beşiktaş” 30 (102-ci yer), “Sivasspor” 13 (288-ci yer), “Gənclərbirliyi” 2 (297-ci yer) pillə geriləyib. “Kayserispor”la “Trabzonsor” isə son bir ayda tərəqqiyə nail olub. Kayseri təmsilçisi 3 pillə irəliləyərək, 179-cu sıraya qalxıb. Trabzonlular 76 pilləlik sıçrayışla, siyahının yeni komandasına çevriliblər - 327-ci yer.