Almanların Bakı planı
03.12.2008 - 19:20
Almanların Bakı planı
Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində 2009-cu il avqustun 19-da Bakıda Azərbaycan milli komandası ilə qarşılşacaq Almaniya yığmasının hazırlıq planı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Yoahim Lövün yetirmələri futbolçularımızla oyuna Asiyada hazırlaşacaqlar.

Almaniya yığmasının meneceri Oliver Birhoff bildirib ki, gələn il mayın 29-da Şanxayda Çin, bundan dörd gün sonra isə Dubayda Birləşmiş Ərəb Əmirlikləri ilə yoldaşlıq görüşləri keçiriləcək. Hər iki oyun milli komandamızla matça hazırlıq xarakteri daşıyacaq. Məhz buna görə almaniyalılar Bakıya gəlməmişdən öncə Asiya təmsilçiləri ilə səfərdə qarşılaşmağı məqsədəuyğun sayıblar.

Təqvimə əsasən, Azərbaycan və Almaniya yığmaları arasında gələn il 3 həftə ərzində 2 rəsmi oyun olacaq. Bundestim paytaxtımıza səfərdən düz 21 gün sonra, sentyabrın 9-da Hannover şəhərində Berti Foqtsun rəhbərlik etdiyi kollektivi qəbul edəcək.

Qeyd edək ki, indiyədək Azərbaycan və Almaniyanın əsas milli komandaları heç bir yarışda üz-üzə gəlməyiblər.
0