“Neftçi”nin baxışa çağırdığı futbolçudan şok açıqlama
04.12.2008 - 12:02
“Neftçi”nin baxışa çağırdığı futbolçudan şok açıqlama
Bakının “Neftçi” klubuna baxışa çağırılan İrlandiya çempionu “Droheda”nın futbolçusu Eamon Zayed şok açıqlama verib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu paytaxtımıza pul dalınca gəldiyini gizlətməyib.

“Bakıda yaxşı pul var. Müqayisə üçün deyim ki, Azərbaycanda oynamaqla, İrlandiya çempionatındakından ikiqat çox qazanmaq mümkündür. Azərbaycan futboluna külli miqdarda pul yatırılır. Onlar futbolun səviyyəsini yüksəltmək üçün hətta Berti Foqts kimi tanınmış mütəxəssisi də əməkdaşlığa cəlb ediblər” - deyə Zayed İrlandiya mətbuatına müsahibəsində vurğulayıb.

Liviya əsilli oyunçu “Neftçi” ilə müqavilə bağlayıb-bağlamayacağının dəqiqləşmədiyini bildirib: “Bakıya gəlməklə, heç nə itirməmişəm. Belə ölkədən təklif almağım yaxşı haldır. “Neftçi”nin məşqçilərinin hansı qərar qəbul edəcəklərini bilmirəm. Düzdür, burada maddi cəhətdən problem yoxdur, ancaq pul mənim üçün hər şey deyil. Əsas məqsədim odur ki, karyeramda irəliləyişə nail olum”.

Zayed vaxtilə İrlandiyanın 21 yaşlılardan ibarət yığmasının şərəfini qorusa da, sonradan ona milli komanda səviyyəsində dəvət gəlməyib. İndi isə hücumçu üçün daha bir yaxşı variant yaranıb. O, əslən bağlı olduğu Liviya yığmasında oynamaq imkanına malikdir: “Görünür, İrlandiyanın əsas milli komandasının formasını geyinmək mənə qismət olmayacaq. Buna baxmayaraq, Liviya yığmasında oynamaq variantı ortaya çıxıb. Hələ Bakıya səfərimdən öncə Liviya Futbol Federasiyasının rəhbərliyi zəng vuraraq, məni danışıqlara çağırıb. Fikrimcə, Azərbaycan çempionatında çıxış etsəm, liviyalıların da diqqət mərkəzində olaram”.
0