Rasim Kara Ponomaryova xeyir-dua verdi
04.12.2008 - 13:18
Rasim Kara Ponomaryova xeyir-dua verdi
“İqor Ponomaryovun “Xəzər-Lənkəran”ın baş məşqçisi təyin olunmasından xəbərim yoxdur. Klub rəhbərliyinin işinə qarışmaq yox, seçiminə hörmətlə yanaşmaq lazımdır”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun sabiq baş məşqçisi Rasim Kara deyib.

Hazırda vətəni Türkiyədə olan 58 yaşlı mütəxəssis 11 gün öncə “Qarabağ”a öz meydanında 1:3 hesablı uduzduğu oyundan sonra istefa verib. Kara Ponomaryovun “Xəzər-Lənkəran”ın uğurlar qazandıracağına inanır: “Ponomaryov yerli mütəxəssis olduğu üçün Azərbaycan futbolunu yaxşı tanıyır. Bu, ona üstünlük verir. İşlədiyim dövrdə komandanın uğurlu çıxışı üçün müəyyən işlər gördük. “Xəzər-Lənkəran” həmişə iddialı olub, qarşısına böyük məqsədlər qoyub. Hesab edirəm ki, Ponomaryov öz təcrübəsi ilə komandanın iddialarına uyğun gələn mütəxəssisdir. Fikrimcə, “Xəzər-Lənkəran”ın bu mütəxəssisin rəhbərliyi altında çempionluq, kuboku qazana biləcək”.

Kara 48 yaşlı azərbaycanlı həmkarına yeni vəzifəsində halallıq verib: “Xəzər-Lənkəran” mənə doğma komanda olduğu üçün uğursuz çıxış etməsini istəmərəm. Mən özümdən sonra gələn həmkarıma heç vaxt pis şeylər arzulamaram. Əksinə, Ponomaryova yeni işində ürəkdən uğurlar diləyirəm. Ona xeyir-duamı verərək, uğurlu nəticə gözləyirəm”.
0