Elxan Məmmədov İstanbulda totalizator oyunları məsələsinə toxundu
04.12.2008 - 13:29
Elxan Məmmədov İstanbulda totalizator oyunları məsələsinə toxundu
AFFA-nın baş katibi Elxan Məmmədov Türkiyənin İstanbul şəhərində təşkil olunan UEFA-nın seminarda iştirak edib. Bu haqda apasport.az saytına məlumat verən Məmmədov toplantının işgüzar səviyyədə keçdiyini deyib. Yığıncağa ölkəmizlə yanaşı, Türkiyə, Belarus, İsrail, Moldova, Rumıniya, Ukrayna, Rusiya və Polşanın futbol rəsmiləri də qatılıblar.

Baş katib bildirib ki, yığıncaqda 5 mövzu ətrafında müzakirələr aparılıb: “Çox maraqlı müzakirələr oldu. Seminarda teleyayım hüquqları, irqçiliyə qarşı mübarizə, stadionlarda təhlükəsizliyin təmin olunması, federasiyaların qarşılaşdıqları viza problemləri və totalizator oyunları barədə fikir mübadiləsi aparıldı”.

Yığıncağın ən maraqlı mövzusu təbii ki, totalizator oyunları ilə bağlı olub. Elxan Məmmədov bukmeyker kontorlarının futbola müdaxiləsi zamanı görüşlərin nəticələrinin qabaqcadan razılaşdırılması ehtimalının artması məsələsini qaldırıb: “Rəsmi və qeyri-rəsmi bukmeyker kontorlarına qarşı necə mübarizə aparmağın lazım gəldiyini bildirdilər. Razılaşdırılmış oyunların ehtimalı məsələsini irəli sürdüm. Sualıma cavab verən Türkiyə Futbol Federasiyasının nümayəndəsi bildirdi ki, Superliqada il ərzində cəmi 1-2 matçın nəticəsi şübhə doğurur. Yəni, onun dediyinə görə, bukmeyker kontorlarının rəsmi fəaliyyət göstərdiyi Türkiyədə oyunların razılaşdırılması ehtimalı çox azdır”.

AFFA rəsmisi vurğulayıb ki, totalizator oyunlarını Azərbaycanda da leqallaşdırmaq üçün layihə hazırlamaq lazımdır: “Bu, böyük bir layihədir. Bukmeyker kontorlarının ölkəmizdə leqal fəaliyyət göstərməsi məqsədilə hazırlanan sənəd hərtərəfli olmalıdır. Yalnız bundan sonra həmin layihəni müvafiq orqana təqdim etmək mümkündür”.
0