Türkiyə millisi Azərbaycanla yoldaşlıq görüşünə razılıq verdi
04.12.2008 - 14:14
Türkiyə millisi Azərbaycanla yoldaşlıq görüşünə razılıq verdi
Azərbaycan və Türkiyənin futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Bu haqda apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Baş katib Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə bu məsələni İstanbulda keçirilən UEFA seminarının gedişatında müzakirə edib.

“Biz yaxın iki il ərzində 1 yoldaşlıq matçı oynamağı planlaşdırdıq. Sonuncu dəfə türkiyəli futbolçular Bakıya səfər ediblər. Bunu nəzərə alaraq, növbəti qarşılaşmanın Türkiyədə təşkil olunmasını razılaşdırdıq” - deyə Məmmədov vurğulayıb.

Fatih Terimin rəhbərlik etdiyi kollektivlə oyunun dəqiq tarixi hələlik müəyyənləşməyib.

Qeyd edək ki, indiyədək milli komandamız “ay-ulduzlular”la 4 dəfə qarşılaşıb. İlk dəfə 1996-cı ilin aprelində Bakıda keçirilən yoldaşlıq oyununda türklər 1:0 hesabı ilə qalib gəlmişdilər. 2002-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində baş tutan matçlarda da yığmamız məğlubiyyətlərlə üzləşmişdi - 0:1; 0:3. Yeganə qənaətbəxş nəticəyə isə 2006-cı ilin aprelində paytaxtımızda nail olmuşuq (1:1).
0