Valentin Xodukin: Heç də asan qrupa düşməmişik
05.12.2008 - 13:34
Valentin Xodukin: Heç də asan qrupa düşməmişik
“Heç də asan qrupa düşməmişik. Qırğızıstanın “Dinamo-Dordoy” klubundan fərqli, Latviya və Finlandiya çempionları güclü rəqiblərdir”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycanı “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku” turnirində təmsil edəcək Bakının “İnter” klubun baş məşqçisi Valentin Xodukin deyib.

Xodukin püşkün nəticəsini elə də uğurlu saymır: “Finlandiya çempionu turnirin debütantı olsa da, beynəlxalq oyun təcrübəsi var. Avrokuboklarda çıxış edən Turku təmsilçisi manejdə hazırlığa öyrəşiblər. Çünki onlar qış fasiləsində məşqlərini adətən orda keçirirlər. Üstəlik, daha çox ucaboylu futbolçuların yer aldığı komandanın fiziki hazırlığı yaxşıdır. Elə Latviya çempionu da atletik futbol baxımından seçilir. “Ventspils” də bizim kimi yayda Çempionlar Liqasında çıxış edib və mərhələ adlayıb. Komanda son “Birlik kuboku”nda da qrupdan çıxıb və yenə buna iddialı olacaq. Fikrimcə, növbəti mərhələyə iki yer uğrunda mübarizədə əsas rəqiblərimiz Latviya və Finlandiya çempionları olacaq”.

“Birlik kuboku”nda uğurla çıxış etmək iddiasında olan Xodukin rəqiblərə barmaqarası baxmağı düzgün saymır: “Qırğızlar zəif sayılsa da, turnir sintetik örtüklü meydanda keçirildiyini nəzərə almaq lazımdır. Manejdə oynayan komandadan sürpriz gözləmək olar. ¼ finala çıxacağımız halda da, bizi çətin sınaq gözləyəcək. Çünki C qrupunda əsas favoritlər olan Ukraynanın “Şaxtyor” və Moldovanın “Şerif” klubları güclü rəqiblərdir. Üstünlük qazanmaq üçün 1-ci yeri tutmaq tutmağa çalışacağıq”.

Qeyd edək ki, “İnter” tarixində ilk dəfə bu turnirdə çıxış edəcək.
0