Xaqani Məmmədov klublara sataşdı
05.12.2008 - 14:20
Xaqani Məmmədov klublara sataşdı
Bu gün AFFA-nın mənzil qərargahında mətbuat konfransı təşkil olunub. Apasport.az saytının məlumatına görə, toplantıda jurnalistlərin suallarını Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla, Hakim-İnspektorlar Komitəsinin rəhbəri Gülağa Cabbarov cavablandırıb.

Premyer Liqanın birinci dövrəsində hakimliklə bağlı narazılıqlara münasibət bildirən Məmmədov həmkarlarını tərifləməyə üstünlük verib: “Hakim də insandır, səhv edə bilər. Bundan heç kim sığortalanmayıb. Amma ötən mövsümlə müqayisədə çempionatın və hakimliyin səviyyəsi yüksəlib. Sadəcə, bunu həzm etməyən insanlar var. Gəncləri önə çəkməklə riskli eksperiment etdiyimizin fərqinə varırdıq. Rəqabət yaratmasaq, inkişaf da olmayacaq. Götürək Anar Niyazovu. O, birmənalı şəkildə bu mövsümün kəşfidir. Babək Quliyev isə UEFA-nın ən perspektivli 16 hakimi sırasındadır”.

Hakimlərin sayının 200-dən çox olduğunu deyən Məmmədov onların arasında 10 qadın referinin yer aldığını da vurğulayıb. O, həmçinin bildirib ki, 48 hakim yanvarın 15-dən Antalyada 12 günlük təlim-məşq toplanışı keçəcək. Məmmədov birinci dövrədə 49 gənc hakimin oyunlara təyinat aldığını da sözlərinə əlavə edib.

Hakimlər Komitəsinin sədri rüşvətxorluqla bağlı söz-söhbətlərə də aydınlıq gətirib: “Tam əminliklə rüşvətin kökünün kəsildiyini deyə bilərəm. Düzdü, bir sıra klublar var idi ki, məni ələ almağa çalışırdılar. Amma onların planı baş tutmadı. Bu səbəbdən də uduzanda dərhal hakimləri günahkar çıxarırlar. Mənə bir fakt göstərsələr, dərhal həmin hakimi hüquq mühafizə orqanlarına təhvil verərəm. Birinci dövrədə 11 hakim cəzalanıb ki, bunlardan da yalnız ikisi sırf nəticəyə təsir edən səhv ucbatından olub”.

Jurnalistlər haqda heç vaxt xoşagəlməz ifadələr işlətmədiyini deyən Məmmədov klublarda işlərin düzgün qurulmadığına işarə vurub. Onun fikrincə, futbolçular elementar qaydalardan xəbərsizdirlər. Komitə sədri əcnəbi hakimlərin oyunlara dəvət edilməsinin də əleyhinə çıxıb. O, bundan yerli referilərə və futbolumuza zərbə dəyəcəyini vurğulayıb.

Eyni səpgidə çıxışla diqqət çəkən Cabbarov isə tam obyektivliyə nail olmaq üçün hələ çox çalışmalı olduqlarını deyib. O, hakimlərə bilərəkdən şişirdilmiş və aşağı qiymət verənlərin bundan sonra da cəzalanacağını qeyd edib.
0