Roman Qriqorçuk: “İnter”in cari mövsüm uduzmadığından xəbərdaram
05.12.2008 - 15:48
Roman Qriqorçuk: “İnter”in cari mövsüm uduzmadığından xəbərdaram
“Az-çox Azərbaycan çempionatı ilə maraqlandığımdan “İnter” haqda cüzi məlumatım əvvəldən var idi. Lakin püşk bu komandanı bizə rəqib seçibsə, bildiklərimlə kifayətlənə bilmərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Latviyanın “Ventspils” klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.

Gələn ilin yanvarında keçiriləcək “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində Bakı “İnter”i ilə qarşılaşacaq latviyalıların çalışdırıcısı təmsilçimiz haqda ətraflı məlumat toplamaqda qərarlıdır: “Rəqibimizin cari mövsümün birinci dövrəsində uduzmadığından xəbərdaram. Onu da bilirəm ki, Latviya millisinin oyunçusu Andrey Rubinin bu komandanın şərəfini qoruyur. Baş məşqçiləri isə səhv etmirəmsə ukraynalıdır. Lakin bu bildiklərim çox azdır. Rəqib haqqında məlumat toplayacağıq. Püşkatma bir neçə saat əvvəl keçirildiyindən hələ bu işə başlamamışam. Lakin öz kanallarımla mənə lazım olanı əldə edəcəm. Rubin? Yox. Onunla o qədər də yaxın münasibətlərdə deyilik. Həm də o bizə nə verə bilər ki? Mənə müfəssəl məlumat toplamaq vacibdir. Bunun üçün yalnız video görüntü lazımdır. Bir neçə qarşılaşmanın video kasetini əldə etməklə heç vaxt görmədiyim “İnter”in oyun üslubu ilə də tanış olacağam”.

2005-ci ilin ortalarında gəldiyi klubu növbəti üç ildə ölkə çempionu edən Qriqorçuk qarşılarına ciddi bir vəzifənin qoyulmamağını turnirin nüfuzunu itirməsi ilə əlaqələndirib: “İnter”lə “Ventspils”dən hansını güclü olduğunu söyləmək olmaz. Bunu konkret oyun göstərəcək. Müəyyən mərhələdə biz, müəyyən mərhələdə isə onlar güclü ola bilər. Turnirlə bağlı qarşımıza hər hansı vəzifənin qoyulduğunu söyləmək olmaz. Axı “Birlik kuboku” hazırlığın bir mərhələsidir. Amma bunun təlim-məşq toplanışlarından üstün olan cəhətləri də var. Birincisi, müxtəlif komandalarla qarşılaşmaq SSRİ çempionatlarının nostalji hisslər oyadır. İkincisi isə bu komandalarla qarşılaşmaq da xeyrimizədir”.

“İnter”lə “Ventspils”in mübarizəsini ukraynalıların dueli kimi də qələmə vermək olar. Azərbaycan çempionun baş məşqçisi Valentin Xodukinin həmyerlisi olan Qriqorçuku ¼ finala kimin çıxacağı deyil, komandasının da buna nail olmağı maraqlandırır: “Qrupumuzun favoritləri ilə bağlı hər hansı proqnoz verə bilmərəm. Yalnız onu deyim ki, biz ən azı ¼ finala çıxmaq haqqında düşünürük. Daha çox oyun keçirmək üçün qrup səddini aşmalıyıq. Bu qarşımıza ciddi vəzifə kimi qoyulmasa da, buna bütün gücümüzlə çalışacağıq. Bu, o demək deyil ki, iki vəsiqədən birinin bizim olduğunu iddia edirəm. Amma bunu istəyirəm”.

Qeyd edək ki, “Birlik kuboku” yanvarın 17-dən 25-dək Moskvada keçiriləcək.
0