Zeynal Zeynalov: “Muğan”da pulsuz oynayırdım
05.12.2008 - 18:28
Zeynal Zeynalov: “Muğan”da pulsuz oynayırdım
Azərbaycan yığmasının futbolçusu Zeynal Zeynalov “Muğan” klubundan birdəfəlik ayrılıb. Bu haqda apasport.az saytına 28 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O, Salyan komandasına qayıtmaq istəməməsinin səbəblərini açıqlamayıb.

“İnşallah, ikinci dövrədə “Muğan”da oynamayacağam. Klub rəsmiləri ilə görüşməsəm də, bu komandaya qayıtmaq fikrim yoxdur. O ki qaldı səbəblərə, vaxtı çatanda bunları da mətbuata bildirəcəyəm” - deyə Zeynalov vurğulayıb.

Gənc futbolçu deyib ki, “Muğan”dan ayrılması maddi amillərlə bağlı deyil: “Rəhbərlik pulla əlaqədar çox şey deyə bilər. Ancaq fakt budur ki, “Muğan”da demək olar, havayı oynayırdım. Həddən artıq az pul verirdilər”.

Premyer Liqanın iddialı klublarından təklif aldığını söyləyən yarımmüdafiəçi karyerasını hansı komandada davam etdirəcəyinin hələ dəqiqləşmədiyini söyləyib.

Qeyd edək ki, “Bakılı”ya 2:3 hesablı məğlubiyyətin əsas səbəbkarı sayılan Zeynalov noyabrın 11-də “Muğan”dan uzaqlaşdırılıb. O zaman haqsızlıqla üzləşdiyini bildirən futbolçu klub rəhbərliyi ilə görüşüb, vəziyyəti öz xeyrinə dəyişəcəyini demişdi. Lakin arxada qalan müddət ərzində Zeynal “Muğan” rəsmiləri ilə məsələyə aydınlıq gətirməyib.
0