“Atletiko” Fransaya “Marsel”lə oyun günü gedəcək
05.12.2008 - 18:37
“Atletiko” Fransaya “Marsel”lə oyun günü gedəcək
İspaniyanın “Atletiko” klubu Çempionlar Liqasının qrup mərhələsində son matçını dekabrın 9-da Marsel “Olimpik”inə qarşı keçirəcək. Apasport.az saytının məlumatına görə, qonaqlar təhlükəsizlik səbəbindən Fransaya oyun günü gedəcəklər.

D qrupunda mübarizə aparan və növbəti mərhələyə vəsiqəni təmin edən “Atletiko” bu məsələdə UEFA-nın da razılığını alıb. Klublar arasında gərginliyin əsası oktyabrın 1-də Madriddəki oyunda qoyulub. Qonaq azarkeşlərin irqçi plakatlar açmağa cəhd etməsinə polis mane olub. Yaranan qarışıqlıq zamanı isə bir fransalı fanat saxlanılıb. Marseldə baş tutacaq görüş ərəfəsində ispan azarkeşlər təhdid dolu mesajlar alıblar. Onların Fransaya yollanacaqları da sual altındadır.

Qeyd edək ki, UEFA bu hadisələr ucbatından “Atletiko”nun bir oyunu azarkeşlərsiz keçirməsinə qərar vermişdi. Madridlilər Hollandiyanın PSV klubu ilə həmin oyunu 2:1 hesabı ilə başa vurublar.
0