Mahmud Qurbanov son qərarını verdi
05.12.2008 - 18:57
Mahmud Qurbanov son qərarını verdi
“Mən “İnter”də qalıb, karyeramı da elə bu klubda davam etdirmək istəyirəm”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu Mahmud Qurbanov deyib. Son il yarımda çıxış etdiyi “İnter”lə müqaviləsi başa çatmaqda olan 35 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə yeni müqavilə bağlamaq fikrindədir: “Hər şey danışıqlardan asılıdır. Razılaşsaq, heç yerə getməyib, “İnter”də çıxışımı davam etdirəcəyəm. Əslində, özüm də bunu istəyirəm. Bu alınsa, “Birlik kuboku”na da gedəcəyəm”.

Cari mövsümdə “İnter”in heyətinə düşməkdə çətinlik çəkən futbolçunun özünə klub axtardığı məlum idi. Yarımmüdafiəçi özü də milliyə qayıtmaq üçün komandasını dəyişəcəyini, bir müddət əvvəl isə artıq bir təklif aldığını bildirmişdi. Artıq həmin təklif haqda düşünməyən futbolçu daha çox “İnter” haqda düşünür. Qurbanovun birdən-birə fikrini dəyişməsi səbəbsiz deyil: “Tez-tez komanda dəyişmək istəmirəm”.

Qeyd edək ki, Mahmud son 4 ildə üç komandada çıxış edərək, onların hamısı ilə Azərbaycan çempionu olub.
0