Zeynal Zeynalov “Muğan”dan aldığı borcu qaytarmır
06.12.2008 - 12:32
Zeynal Zeynalov “Muğan”dan aldığı borcu qaytarmır
Azərbaycan yığmasının futbolçusu Zeynal Zeynalovun “Muğan” klubuna borcu var. Apasport.az saytının məlumatına görə, bu barədə Salyan təmsilçisinin icraçı-direktoru Fizuli Əliyev məlumat verib. Onun sözlərinə görə, Zeynalovun “Muğan”da pulsuz oynaması ilə bağlı dedikləri əsassız ittihamlardır: “Biz hamıdan çox ona pul verirdik. Kapitan olduğundan, başqa futbolçulardan fərqləndirirdik. Hətta Zeynalova borc pul da vermişik”.

Bir müddət əvvəl “Muğan”dan uzaqlaşdırılan Zeynalov dünən saytımıza açıqlamasında bildirib ki, klubda çox az maaş alıb. İcraçı direktor isə onun nizam - intizam qaydalarına əməl etmədiyi üçün komandadan kənarlaşdırıldığını deyib: “Kubokda “Xəzər-Lənkəran”a 0:3 hesabı ilə məğlub olduqdan sonra, mənə yaxınlaşıb maaşını istədi və bildirdi ki, yoxsa “Bakılı” ilə çox vacib oyunun hazırlığında iştirak etməyəcək. “Bakılı” ilə oyunda isə qırmızı vərəqə alıb, komandanın məğlubiyyətinə səbəb oldu. Daha sonra baş məşqçi onun transferə çıxarılmasını tələb etdi. Mən də rəhbərliklə məsləhətləşdim və onların razılığı ilə Zeynalovu kənarlaşdırdıq”.

Klub rəsmisi Zeynalova azad transfer hüququ verəcəklərini bildirib. “Onun bizə borcu var. Borcunu qaytarandan sonra azad transfer hüququ verəcəyik. Bundan sonra istədiyi kluba keçə bilər” – deyə Əliyev əlavə edib.

Mənbə: trend.az
0