Bernd Şuster “Real”dan qovuldu
09.12.2008 - 20:04
Bernd Şuster “Real”dan qovuldu
Madrid “Real”ının rəhbərliyi gözlənilmədən baş məşqçi Bernd Şusteri istefaya göndərib. Apasport.az saytının məlumatına görə, buna “kral klubu”nun son vaxtlar qeyri-sabit oyun nümayiş etdirməsi səbəb göstərilir. Artıq yeni baş məşqçinin adı məlumdur. Bundan sonra komandanı Xuande Ramos çalışdıracaq.

Əslində, Şusterin “Real”dan qovulacağı barədə xəbərlər çoxdan gündəmi zəbt etmişdi. Lakin almaniyalının Çempionlar Liqasında sabah “Zenit”lə keçriləcək görüşə 1 gün qalmış tutduğu vəzifədən azad olunması qeyri-adi hal sayılmalıdır.

Həm də nəzərə almaq lazımdır ki, madridlilər bu həftə sonu əzəli rəqibləri “Barselona” ilə prinsipial qarşılaşmaya çıxacaqlar. Ancaq belə vacib amillərə ciddi önəm verməyən rəhbərlik Şusterlə yollarını ayırıb.Onun xələfi Xuande Ramos isə iki ay əvvələdək “Tottenhem”də işləyirdi.

Qeyd edək ki, 2007-ci ilin yayından baş məşçi vəzifəsni icra edən Şusterin rəhbərliyi altında “Real” İspaniya çempionu tituluna yiyələnib. Güclü heyətə malik olmasına baxmayaraq, paytaxt klubu axır zamanlar zəif nəticə göstərirdi. Çempionlar Liqasında “Yuventus”a ardıcıl iki məğlubiyyətlə yanaşı, “Real” ölkə kuboku uğrunda yarışda aşağı divizion təmsilçisi ilə də bacarmamışdı. Ötən həftə öz meydanında “Sevilya”ya 3:4 hesablı məğlubiyyət isə Şusterin Madriddə sonuncu matçı kimi tarixə düşdü.
0