Subaşiç nə istəyir?
10.12.2008 - 10:45
Subaşiç nə istəyir?
“Hələ mövsümün sonuna çox var. Qarşıda kifayət qədər sürprizlər olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Srvena Zvezda” klubunun futbolçusu Branimir Subaşiç deyib. Azərbaycan yığmasının hücumçusu yayda keçdiyi komandası ilə də çempionluq sevinci yaşamaq iddiasındadır.

Serbiya mətbuatına müsahibə verən Subaşiç lider “Partizan”la 6 xallıq fərqin aradan qaldırılmağının mümkünlüyünü bildirib: “Xayduk”la görüş qış fasiləsi ərəfəsində son matçımızdır. Əksər oyunçular istirahət öncəsi olduğundan son matça köklənə bilmir. İnanıram ki, bu bizim başımıza gəlməyəcək və növbəti qələbəmizi qazanacağıq. Belədə həm “Partizan”a yaxınlaşmaq, həm də “Voyvodina”ya çatmaq şansımız olacaq”.

Subaşiç “Partizan”ın son vaxtlar üstünlüyü əldən verməsinə ciddi önəm vermir: “Bizim işimiz maksimum nəticə göstərmək və mümkün qədər səhv etməməkdir. Başqalarının necə oynadığına fikir vermədən öz işimizlə məşğul olsaq, nəyəsə nail olarıq. Eyni zamanda apreldə keçiriləcək ölkə kubokunun ¼ final qarşılaşmasına da ciddi fikir verməliyik. “Smederevo” asan rəqib deyil. Bu səddi keçmək üçün matça yaxşı köklənməliyik”.

Qeyd edək ki, Serbiya çempionatının 16 turundan sonra Subaşiçin komandasının 30, “Partizan”ın 36, “Voyvodina”nın 33 xalı var.
0