“Nyukasl”ın sabiq futbolçusu: “Neftçi”dən əla təklif almışam
10.12.2008 - 11:13
“Nyukasl”ın sabiq futbolçusu: “Neftçi”dən əla təklif almışam
“Bakıya danışıqlara getmişdim. “Neftçi” mənə şərtləri çox yaxşı olan müqavilə təklif etdi. Mənimlə müqavilə bağlamaq istəyirlər. Ancaq son qərarımı verməmişəm. Təklifi hələ bir neçə həftə götür-qoy edəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İrlandiyanın “Droqheda” klubunun müdafiəçisi Co Kendrik deyib.

Bir müddət öncə Bakıya gələn 25 yaşlı irlandiyalı Azərbaycandan sərfəli təklif alsa da, hələlik tərəddüd edir. O, fikrini belə əsaslandırıb: “Əslində, “Droqheda”da qalmağa üstünlük verərdim. Təbii ki, əgər mümkün olarsa. İngiltərədə oynadıqdan sonra İrlandiyaya gəlmişəm. Buna görə də qalmaq istərdim. Hamımız “Droqheda”da maliyyə problemlərinin həll olunmasını və komandanın gələn mövsüm uğurla çıxış etməsini istəyirik. Özüm elə Droqhedada yaşayıram və azarkeşlərin şəhərin eyni adlı komandasının işlərin qaydasına düşməsinin necə istədiyinin şahidi oluram. Ancaq fikrimcə, karyeram Bakıda davam edə də bilər. Ən real variant olan “Neftçi” ilə bağlı qərarımı yeni ilədək verəcəyəm. Yeni ildən sonra bu komandanın sıralarına qayıtmağım mümkündür”.

Qeyd edək ki, bu ildən “Droqheda”da çıxış edən Kendrik ölkə çempionluğunu qazanıb və Çempionlar Liqasının iştirakçısı olub. İrlandiyanın 21 yaşlılardan ibarət yığma komandasının kapitanı olan müdafiəçi İngiltərənin aşağı liqasında çıxış edən bir neçə komandada forma geyib. Co 2002/03 mövsümündə Premyer Liqada mübarizə aparan “Nyukasl” klubunun heyətində yer alıb. O, növbəti mövsümdə isə Almaniya Bundesliqasının təmsilçisi olan “Münhen 1860” klubunun düşərgəsində qərarlaşıb.
0