“Xəzər-Lənkəran”da yeni məşqçilər
10.12.2008 - 14:55
“Xəzər-Lənkəran”da yeni məşqçilər
Samir Ələkbərov yarım illik fasilədən sonra məşqçilik fəaliyyətini “Xəzər-Lənkəran” klubunda davam etdirəcək. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi İqor Ponomaryov məlumat verib. O, SSRİ çempionatında “Neftçi”nin heyətində birgə oynadığı Ələkbərov barədə xoş sözlər söyləyib.

“Samir yaxşı futbolçu olub. Onun kifayət qədər məşqçi təcrübəsi var. Üstəlik, Ələkbərov “Xəzər-Lənkəran”ı yaxşı tanıyır. Bütün bunları nəzərə alaraq, ona “Xəzər-Lənkəran”ın məşqçilər korpusunda yer vermək qərarına gəldim” - deyə Ponomaryov vurğulayıb.

Hazırda İsveçdə olan Ponomaryov məşqçilər korpusunun özü də daxil olmaqla, dörd çalışdırıcıdan ibarət olmasını planlaşdırıb. Baş məşqçi özünə daha bir köməkçi götürəcək: “Samirlə yanaşı, digər köməkçim, qapıçılarla işləyən Hafiz Əliyevə lazımı tapşırıqlarımı vermişəm. Komandamız yanvarın əvvəlində ikinci dövrəyə hazırlıq məqsədilə Türkiyəyə yollananda bu məşqçilərin nəzarəti altında olacaq. Bundan başqa, fiziki hazırlıq üzrə məşqçiyə də ehtiyac var. Bu, Bakıda yaşayan məşqçilərimizdən biri, ya da köhnə köməkçim ola bilər. Köhnə köməkçim deyəndə Sergey Əzizovu nəzərdə tuturam”.

Qeyd edək ki, məşqçilik karyerasına “Xəzər Universiteti” klubunda başlayan Samir Ələkbərov “Neftçi”də Kazbek Tuayev və Ağasəlim Mircavadovun köməkçisi işləyib. O, Mircavadovla birgə 2006-cı ilin iyununda “Xəzər-Lənkəran”a keçib və bu ilin yayında tutduğu vəzifədən azad olunub. 40 yaşlı məşqçi həm “Neftçi”, həm də “Xəzər-Lənkəran”da Azərbaycan çempionlu titulunu və ölkə kubokunu qazanıb.
0