FİFA və UEFA irqçiliyə qarşı mübarizəni gücləndirəcək
10.12.2008 - 16:53
FİFA və UEFA irqçiliyə qarşı mübarizəni gücləndirəcək
Avropa Şurasının Strasburqdakı mənzil-qərargahında 2008-ci ildə Avstriya və İsveçrədə keçirilmiş Avropa çempionatının yekunlarına və 2010-cu ildə Cənubi Afrika Respublikasında təşkil olunacaq dünya çempionatına həsr olunan tədbir keçirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, FİFA və UEFA-nın təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizi AFFA-nı I vitse-prezident, Milli Məclisin deputatı Rauf Əliyev təmsil edib.

Bu yarışlarda təhlükəsizlik və irqçiliyə qarşı mübarizə müzakirələrin əsas mövzusu olub. Çıxış edən FİFA-nın texniki direktoru Volter Qaqq, Fair Play komitəsinin vitse-prezidenti Blox Karini, UEFA-nın Stadionlar və Təhlükəsizlik Departamentinin rəisi Mark Timmer və həmin departamentin rəis müavini Erni Volker ötən Avropa çempionatında həyata keçirilən təhlükəsizlik tədbirləri barədə fikirlərini bildirib. Onlar eyni zamanda qarşıdakı dünya çempionatında bununla bağlı zəruri olan məqamları da qeyd ediblər. Tədbirdə irqçiliyə qarşı mübarizənin gücləndirilməsinin vacibliyi də xüsusi vurğulanıb.
0