Yaşar Vahabzadə: Şanslar bərabərdir
10.12.2008 - 17:38
Yaşar Vahabzadə: Şanslar bərabərdir
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Yaşar Vahabzadənin müsahibəsi

- Əvvəlcə, İtaliyanın Koverçiano şəhərində UEFA-nın təşkilatçılığı ilə məşqçilər üçün keçirilən seminar barədə məlumat verərdiniz…
- Dekabrın 1-də UEFA-nın koordinatoru Franko Ferrarinin rəhbərlik etdiyi seminara qatıldıq. Ertəsi gün isə daha çox dopinq, futbolçuların fiziki, psixoloji hazırlığı, onların sağlamlığı barədə söhbətlər aparıldı. Seminar gedən vaxt İtaliyanın aşağı yaşlı futbolçulardan ibarət yığma komandalarının qapıçıları təlim-məşq toplanışına yığılmışdı. Toplanışda iştirak edən məşqçilərlə bərabər, İtaliya yığma komandasının keçmiş qapıçısı Ancelo Perutsi də bizə mühazirə oxudu. Daha sonra dediklərini meydanda əyani göstərdi. Dekabrın 3-dəki seminara yenə Franko Ferrari rəhbərlik etdi. O, əsasən zona müdafiəsi barədə danışdı və bunu əyani şəkildə göstərdi.

- Seminarda hansı ölkələrin təmsilçiləri iştirak edirdi?
- Tədbirə Azərbaycandan başqa, Bolqarıstandan və Sloveniyadan gələn məşqçilər qatılmışdı.

- İtaliyada nə kimi yeniliklərlə qarşılaşdınız?
- Seminarın gedişində İtaliya yığma komandalarına fiziki hazırlıqla bağlı tətbiq edilən testlər barədə ümumi məlumat verdilər. Amma konkret detallarını açıqlamadılar. Onu sirr olaraq saxladılar. Sonda dərslərdə iştirak edən məşqçilərə UEFA prezidenti Mişel Platinin imzası olan sertifikatlar təqdim olundu.

- U-19-un gələn mövsüm keçiriləcək Avropa çempionatının ilkin mərhələsi çərçivəsində hansı komandalarla qarşılaşacağı məlum olub. Yığmamız Polşa, İsrail və Danimarka ilə gücünü sınayacaq. Rəqiblər haqqında nə deyə bilərsiniz?
- Püşkatmadan sonra Rusiyanın aşağı yaş qrupu üzrə futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Nikolay Saviçevlə əlaqə saxladım. Çünki onun rəhbərlik etdiyi yığma həm Polşa, həm də İsraillə qarşılaşıb. O, həmin oyunların videoyazısını göndərəcəyinə söz verdi. Bundan başqa, müxtəlif vaxtlarda İsraillə qarşılaşmışıq. Ümumiyyətlə, müxtəlif yaş qrupu üzrə yığmalar səviyyəsində beynəlxalq turnirlərdə rəqiblərimizlə görüşmüşük. Məsələn, 2 il əvvəl 1990-cı il təvəllüdlü futbolçulardan ibarət yığmamız Avropa çempionatının ilkin qrup mərhələsində danimarkalı həmyaşıdları ilə gücünü sınamışdı. Bakıda baş tutan həmin oyunda qolsuz heç-heçə qeydə alınmışdı və yekunda biz elit raunda yüksəlmişdik. Yəni hər yaş qrupunun öz xüsusiyyətləri var. Kasetləri əldə etdikdən sonra müəyyən araşdırma aparacağıq.

- Komandaların şanslarını necə dəyərləndirirsiniz?
- Hələ qrup oyunları başlamayıb. Ona görə də komandaların şansları bərabər səviyyədədir. Qrup oyunları İsraildə keçiriləcək. Hələlik qrup matçlarının təqvimi tam təsdiqlənməyib.

- Bayaq Polşa və İsrail haqqında rusiyalı məşqçidən məlumat alacağınızı dediniz. Amma elə birinci komanda ilə U-17 sentyabrda qarşılaşıb. Bu komandanın bir neçə üzvünün yeni mövsümdən U-19-a cəlb ediləcəyi istisna deyil. Olmazmı ki, elə Bernhard Lippertlə məsləhətləşəsiniz?
- Həmin komandanın əsasını 1992-ci il təvəllüdlü futbolçular təşkil edir. Növbəti çempionatda isə U-19-ların əsasını 1991-ci ildə anadan olan uşaqlar təşkil edəcək. Ola bilsin, 1 və ya 2 futbolçunu götürsünlər. Bununla belə, həm Lippertlə, həm də Mirbağır İsayevlə söhbətimiz olub. Yəni komandaların oyun üslubu barədə təsəvvürümüz var.

- Yığmanın heyətində necə, çoxmu dəyişiklik ediləcək?
- Cari mövsümdə komandanın şərəfini qoruyan əsas futbolçulardan 6-7 nəfəri 1990-ci il təvəllüdlü idi. Artıq onlar U-19-un şərəfini qoruya bilməzlər. Heyətdə 1991-92-ci ildə anadan olanları saxlayacağıq. Çempionat başladıqdan sonra isə komandaların oyunlarını izləyəcəyik. Özlərini yaxşı tərəfdən göstərən uşaqları yığmanın təlim-məşq toplanışlarına dəvət edib yoxlayacağıq. Ola bilsin, kimsə nəzərimizdən qaçıb və ya hansısa futbolçu arxada qalan müddətdə ustalığını artırıb, onlara da şans verəcəyik.

- U-17-dən U-19-a oyunçu götürəcəksinizmi?
- Bəli. Onlar mübarizəni elit raundda davam etdirirlər. Komandaya uğurlar arzulayıram. İnşallah, finala qədər irəliləyərlər. U-17 çıxışını başa vurduqdan sonra bir neçə futbolçunu komandaya cəlb edəcəyik. İndidən ad çəkmək istəmirəm.

- Hazırlıq planını tərtib etmisinizmi?
- Gələn həftə 3 aylıq hazırlıq planını tərtib edəcəyik.

- Müqavilənizin müddətini uzatmısınızmı?
- Bu ilin yayında imzalanan anlaşma bir il müddətinə nəzərdə tutulub. Müqaviləm 2009-cu ilin iyulunda başa çatacaq.

- Qrup oyunlarının İsraildə keçirilməsi komandanın oyununa necə təsir edəcək?
- Bunun elə də fərqi yoxdur. Uşaqlar rəqib meydanında nə qədər çox oynasalar, bir o qədər yaxşıdır. Yəni buna alışmaq lazımdır. Bizim üçün bitən mövsümün qon qrup oyunlarını Macarıstanda keçirdik. Mərhələni adlamaq üçün bir balaca bəxtimiz gətirmədi.

affa.az
0