Rusiyalı nazir Şahin Diniyevdən nə tələb edir?
10.12.2008 - 17:43
Rusiyalı nazir Şahin Diniyevdən nə tələb edir?
Çeçenistanın gənclər, idman və turizm naziri, Qroznının “Terek” klubunun vitse-prezidenti Haydar Alxanovun apasport.az saytına eksklüziv müsahibəsi

- Bir neçə gün öncə həmvətənimiz Şahin Diniyev “Terek”in əvəzedicilərdən ibarət komandasının baş məşqçisi təyin olunub. Nəyə görə bu postu məhz Diniyevə həvalə etdiniz?
- Şahin Diniyevi hələ 1990-cı illərin əvvəllərindən, “Terek”də oynayandan bəri yaxşı tanıyıram. Həmin vaxt komandanın baş məşqçisi mən idim. Diniyevin həm futbolçu, həm də məşqçi kimi potensialına yaxşı bələdəm. Onunla yaxından dostluq edirəm. Yaxşı insan olan Diniyevi yüksək səviyyəli böyük mütəxəssis tanıyıram. Çeçenistanın və “Terek”in prezidenti Ramzan Kadırov mövsüm bitdikdən sonra mənə güclü məşqçi tapmağı tapşırdı. Prezidentimiz gənc, perspektivli, eyni zamanda təcrübəli çalışdırıcını əvəzedici komandada görmək istəyirdi. Diniyev məhz bu keyfiyyətlərə uyğun gəlirdi. Onun Azərbaycan yığmasından ayrıldıqdan sonra işsiz qaldığını bilirdim. Buna görə də köhnə dostumla əlaqə saxlayaraq, onu “Terek”in ikinci komandasında çalışmağa dəvət etdim.

- Diniyevin qarşısına hansı vəzifə qoyulub?
- Onun əsas vəzifəsi ehtiyat qüvvə hazırlamaq, “Terek”in əsas komandası üçün futbolçu yetişdirmək olacaq. Diniyevin Azərbaycan milli komandası ilə bərabər, aşağı yaş qruplarından ibarət yığmalarda işləməsi haqda da məlumatım var idi. Mənə belə mütəxəssis lazım idi. Onu görüşə çağırdıq və iş şərtlərini müzakirə edib, razılığa gəldik.

- Belə demək olarmı ki, turnir cədvəli baxımından Diniyevdən heç nə tələb olunmayacaq?
- Bizim üçün çempionatda hansısa yeri tutmaq bir o qədər də önəm daşımır. Diniyev ilk növbədə futbolçularımızın ustalıq səviyyəsini artırmalıdır. Əgər o, əsas komandaya heç olmasa 1 futbolçu hazırlasa, fikrimcə, bununla da qarşıya qoyulan vəzifənin öhdəsindən gəlmiş olacaq.

- Diniyev Azərbaycan yığmasından 2007-ci ilin oktyabrında ayrılıb. İşsiz qaldığı bir il ərzində onun “Terek”ə gətirilməsi gündəmdə olubmu?
- Rusiyada mövsümün başa çatmasını gözlədik. Açığı, çempionatın gedişində Diniyevlə danışığımız olmuşdu. Ancaq o, həmkarı Ruslan İdiqovun yerinə gəlmək istəmirdi. Çünki İdiqov həmin vaxt baş məşqçi vəzifəsini icra edirdi. Diniyev isə fəaliyyətdə olan məşqçinin yerini tutmağa razı deyildi. Mövsümün sonunda qərara gəldik ki, İdiqovun rəhbərlik etdiyi məşqçilər korpusu uğursuz çalışıb və bu səbəbdən baş məşqçini istefaya göndərdik. Bundan sonra Diniyevlə danışıqları bərpa etdik.

- Diniyev İdiqovla birgə milli komandamızda oynayıb. Maraqlıdır, Azərbaycan yığmasının sabiq üzvü İdiqovun əsas qüsurları nədən ibarət idi?
- İndi bu haqda danışmağı düzgün saymıram. İdiqovun nöqsanları barədə fikir bildirməyəcəyəm. Hər halda, o da gənc, perspektivli məşqçidir. Yəqin ki, onun “Terek”də işi alınmadı, futbolçularla ümumi dil tapa bilmədi. İdiqov istəsə, uşaq-gənclər məktəbimizdə işləyə bilər. Biz onu işlə təmin etməyə hazırıq.

- Lakın razılaşaq ki, 15-ci pillə “Terek” üçün çox zəif nəticədir. Əsas problem nədən qaynaqlanırdı?
- Bizə əvəzedici yox, əsas komandanın qənaətbəxş yer tutması vacibdir. Məqsədimiz odur ki, gənc və istedadlı oyunçular peşəkar futbolçu kimi püxtələşsinlər, əsas komandanın heyətinə düşsünlər.

- Daha yaxşı nəticəyə nail olmaq üçün “Terek”in əvəzedici komandasına hansı şərait yaradılacaq?
- Diniyev əla şəraitdə çalışacaq. Onun sərəncamında yaxşı meydança, komandanın məskunlaşması üçün münasib yer, yüksək səviyyəli qidalanma, lazımi geyim və təlim-məşq toplanışları olacaq. Təbii ki, baş məşqçiyə normal məvacib də verəcəyik.

- Bilmək olar, Diniyevə nə qədər maaş alacaq?
- Konkret rəqəm açıqlaya bilməyəcəyəm. İstənilən halda, Diniyev razı qalacaq. O, Azərbaycandakından az əməkhaqqı almayacaq.

- “Terek”in əvəzedici komandasının hazırlıq prosesi və transfer siyasəti müəyyənləşibmi?
- Bu, baş məşqçinin səlahiyyətlərinə aiddir. Diniyev harada məsləhət bilsə, orada da təlim-məşq toplanışı keçəcəyik.

- Diniyev vaxtilə “Terek”in əsas komandasının baş məşqçisi olub. Onun yenidən bu posta qayıtması nə dərəcədə realdır?
- Bu, Diniyevin əvəzedici heyətdə özünü necə göstərməsindən asılıdır. Əsas komandamızın baş məşqçisi Vyaçeslav Qroznıdan çox razıyıq. Hazırda onun yerinə kiminsə gətirilməsi müzakirə obyekti deyil.

- “Terek” rəhbərliyi gələcəkdə əsas komandaya azərbaycanlı futbolçular transfer etməyi nəzərdə tutubmu?
- Hər şey mümkündür. Həmin futbolçunun səviyyəsi komandamıza uyğun gəlməlidir. Bu məsələni Diniyevlə gələn ilin yanvarında müzakirə edəcəyik. Ondan “Terek”ə hansı azərbaycanlı futbolçunu tövsiyə etdiyini öyrənəcəyik. Komandamızın qapıları heç bir oyunçunun üzünə bağlı deyil.

- Ümumiyyətlə, Azərbaycan futbolu barədə nə məlumatınız var və konkret hansısa oyunçumuzu tanıyırsınız?
- Deyə bilmərəm ki, konkret hər hansı bir futbolçunuza maraq göstəririk. Buna baxmayaraq, mən həmişə Azərbaycan yığmasının çıxışını izləyirəm. Diniyev Azərbaycan yığmasında işlədiyi ilk dövrlərdə Avropa səviyyəli güclü rəqiblərə uduzmurdu. Ukrayna daxil olmaqla, bir sıra milli komandalarla heç-heçə etmişdi. Elə düşünürdüm ki, Diniyevin yığmada işləri normal olacaq. Görünür, nəyə görəsə alınmadı.

- Milli komandamızın sabiq üzvü Şamil Layihalov “Terek”in şərəfini qoruyur. Onunla Azərbaycan futbolu haqda fikir mübadiləsi aparmısınızmı?
- Düzü, onunla Azərbaycan futbolu barədə çox az söhbətimiz olub. Layihalovun elə Diniyevin başçılığı altında Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmasında oynadığı xatırlayıram. Diniyev bu futbolçunu 2001-ci ildə “Terek”ə gətirsə də, həmin vaxt keçid baş tutmamışdı. Şamil doğulub, boya-başa çatdığı Mahaçqalanın “Anji” klubunda oynamağa üstünlük verdi. Yalnız “Anji”də işləri alınmayandan sonra, onu yenidən “Terek”ə dəvət etdik.

- Çeçenistan Gənclər, İdman və Turizm Nazirliyinin Azərbaycanın müvafiq orqanları ilə əməkdaşlığı hansı səviyyədədir?
- Hazırda Azərbaycanla sıx əməkdaşlıq edirik. Güləş, boks, cüdo və digər idman növləri üzrə azərbaycanlılar Çeçenistanda keçirilən turnirlərə qatılırlar. Fikrimcə, gələcəkdə bu əməkdaşlıq daha geniş vüsət alacaq.
0