Əli Yavaş: “Qəbələ Futbol Akademiyasından bütün türk dünyasında heyranlıqla danışılacaq”
10.12.2008 - 18:23
Əli Yavaş: “Qəbələ Futbol Akademiyasından bütün türk dünyasında heyranlıqla danışılacaq”
“Gəncləri idmançı kimi yetişdirməklə yanaşı, onlara adət-ənənələrə, rəqibə, hakimə, azarkeşlərə hörmətlə yanaşmağı, “Fair Play” qaydalarına əməl etməyi aşılamaq istəyirik. Yalnız bu yolla ölkəyə və dünya futboluna layiqli idmançılar bəxş edə, klubumuzu maddi cəhətdən gücləndirə bilərik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ” klubunun Futbol Akademiyasının direktoru Əli Yavaş deyib.

Akademiyanın hələ hazır olmamağına baxmayaraq, artıq işə başlayan türkiyəli mütəxəssis klubun rəsmi saytına müsahibəsində görülən iş, gələcək planlar haqda danışıb. Ölkəmizə bir ay əvvəl gələn Yavaş Qəbələdə stadionların yenidən qurulması, yeni-yeni istedadların axtarışı, yerli məşqçilərin ixtisaslarının artırılması sahəsində xeyli işlər görüb. Onun sözlərinə görə, əsas məqsəd yaxşı futbolçu deyil, həm də yaxşı insan yetişdirməkdir. Bu günlərdə 60 yaşını qeyd edən təcrübəli mütəxəssis tətbiq olunacaq model haqqında da məlumat verib: “Azərbaycan insanının sosial quruluşuna uyğun şəkildə təşkil edəcəyimiz akademiyada yaşı 7-dən 18-ə qədər olan yeniyetmələr təhsil alacaqlar. 7 yaşdan başlayan təhsil futbolçu peşəkar komandaya hazır olana qədər davam edəcək. Hər yaş qrupu üçün xüsusi məşq proqramları mövcud olacaq. Futbolçular təsdiq edilmiş proqram əsasında peşəkar komanda və yığmaya hazırlanacaqlar. Təhsil zamanı onlara Azərbaycan yığması və doğma klub üçün vicdanla oynamaq hissləri aşılanacaq. Seçim aparanda istedadına nəzər salıb, gələcəkdə peşəkar komandada oynaya bilib-bilməyəcəyini müəyyən edəcəyik. Əgər bizi qane edən istedadı varsa, akademiyaya qəbul ediləcək”.

İlk növbədə bazanın qurulmasının vacibliyini qeyd edən mütəxəssis əsas işin məhz bundan sonra başlayacağını bildirib: "Futbol Akademiyasını elə quracağıq ki, ondan nəinki Azərbaycanda, hətta başda Türkiyə olmaqla bütün türk cümhuriyyətlərində böyük məmnuniyyət və heyranlıqla danışılacaq. Belə iddialı danışmağıma səbəb klub prezidenti Tale Heydərovun gənc, həvəsli, dünya görüşünün geniş olmasıdır”.
0