Araqones istefa vermir ki, vermir...
11.12.2008 - 02:29
Araqones istefa vermir ki, vermir...
“Fənərbaxça”nın Çempionlar Liqasının qrup mərhələsini sonuncu pillədə bitirməsinə baxmayaraq, baş məşqçi Luis Araqones kreslosundan bərk-bərk yapışıb. Apasport.az saytının məlumatına görə, bu gün Kiyevdə “Dinamo”ya 0:1 hesablı məğlubiyyətin ardından ispaniyalı çalışdırıcının istefa verəcəyi gözlənilsə də, o, mətbuat konfransında özünü soyuqqanlı və təmkinli aparıb.

“Hər iki komanda cərimə meydançasına daxil olmağa çətinlik çəkirdi. Səhvə yol verdiyimiz üçün qapımızda qol gördük. Buraxılan qolu konkret kiminsə ayağına yazmaq istəmirəm. Bu gün daha çox qaçsaydıq, istəyimiz olsaydı, qənaətbəxş nəticə qazanardıq” - deyə Araqones vurğulayıb.

O, kapitan Aleks de Souzanı əvəzləməsinin səbəbini də açıqlamayıb: “Bura 18 futbolçu ilə gəlmişdik. Heyətdə yer alanların hər biri meydana çıxa bilərdi”.

70 yaşlı mütəxəssis dolayısı ilə istefa verməyəcəyini və “Fənərbaxça”dakı işini davam etdirmək istədiyini söyləyb: “Qarşıda bizi Türkiyə Superliqası və ölkə kuboku uğrunda yarış gözləyir”.

Qeyd edək ki, Araqones bu ilin yayında “Fənərbaxça”nın baş məşqçisi təyin olunub. İstanbul klubunun rəhbərliyi ispaniyalını istefaya göndərəcəyi təqdirdə, külli miqdarda təzminat ödəyəcəyini nəzərə alaraq, komandanın son aylardakı uğursuzluğuna göz yumur.
0