Şahin Diniyev: Əsas məsələ Rusiya bazarına düşməkdir
11.12.2008 - 13:38
Şahin Diniyev: Əsas məsələ Rusiya bazarına düşməkdir
“Rusiyaya yanvarda gedəcəyəm. Gələcəkdə isə “Terek”ə azərbaycanlı futbolçunun dəvət edilməsinə çalışacağam. Əsas məsələ Rusiya bazarına düşə bilməkdir”. Bu fikirləri apasport.az saytına açıqlamasında az öncə Qroznının “Terek” klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi təyin olunan Şahin Diniyev deyib.

Futbolçularımızı “Terek”ə tövsiyə etmək fikrində olan 42 yaşlı mütəxəssis bununla bağlı rəhbərliklə müzakirə aparacaq: “Rusiya Premyer Liqası Avropada sayılıb-seçilən çempionatlardandır. Təsadüfi deyil ki, bu ölkədən avrokuboklara vəsiqə qazanan komandalar UEFA kuboku, UEFA Superkubokunun qalibi olurlar. Rusiyadan atletik futbola üstünlük verirlər. Futbolçumuz oradakı tələblərə cavab verməlidir. Hər halda, futbolçularımızın potensialını mən onlardan daha yaxşı bilirəm. Əsas məsələlərdən biri də hansı mövqeyə oyunçunun lazım olmasıdır. Bütün bunlarla bağlı fikir mübadiləsi apardıqdan sonra seçim edilə bilər”.

Diniyevin fikrincə, Rusiyada çıxış etmək futbolçularımız üçün yaxşı perspektivdir. Milli komandamızın sabiq baş məşqçisi oyunçularımıza ilk növbədə pulu düşünməməyi tövsiyə edir: “Elə etməliyik ki, biz pulun yox, pul bizim arxamızca gəlsin. Pulun dalınca qaçsaq, nə ona, nə də uğura çata bilərik. Nəyəsə nail olmaq üçün nəyisə qurban vermək lazımdır. Bu, mütləqdir, ağıllı adamlar həmişə belə edir”.

“Terek”in vitse-prezidenti Haydar Alxanov Diniyevin məvacibi ilə bağlı konkret rəqəm açıqlamasa da, məşqçimizin Azərbaycandan az qazanmayacağını söyləyib. Diniyev Rusiyadakı məvacibi ilə bağlı məsələyə münasibəti belə olub: “Sizi inandırım ki, “Terek”in düşərgəsində olduğum zamanı maddi məsələləri müzakirə etmədim, məvacibimi də bilmirəm. Çünki rəhbərliyi yaxşı tanıyıram, onlar inandığım şəxslərdir. Bilirəm ki, işə başlayan zamanı mənə alacağım məvacibi, mükafatım deyəcəklər və bu da qənaətbəxş olacaq. Qarşımda məqsəd var və ona çatmağa çalışacağam. Zirvəyə, son nöqtəyə çatmaq üçün maddi amilləri fikirləşməməlisən. Səviyyəni artırmaq üçün Rusiyada yüksək şərait var. “Terek”in əvəzedicilərdən ibarət komandasında şərait klublarımızın hamısından da olmasa çoxundan yaxşıdır”.
0