Cavid Hüseynov: Sübut etsinlər ki, “ulduz xəstəliyi”nə tutulmuşam
11.12.2008 - 15:01
Cavid Hüseynov: Sübut etsinlər ki, “ulduz xəstəliyi”nə tutulmuşam
Cavid Hüseynov formasını geyindiyi Bakının “İnter” klubu ilə müqaviləsinin müddətini uzadıb. Bu haqda apasport.az saytına məlumat verən 20 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, rəhbərliklə qarşılıqlı razılığa əsasən, daha bir il komandada qalacaq.

“İnter”ə bir il əvvəl “Olimpik”dən keçən futbolçu ötən mövsümdən fərqli, əsas heyətdə yerini itirib. Cari mövsümdə daha çox ehtiyatda qalan Hüseynov 30-dan çox futbolçunun yer aldığı komandada əsas heyətə düşməyin çətinliyini başa düşür: “Hər halda, meydana çıxdığım vaxtlarda pis oynamamışam. Ən çox məhsuldar ötürmə verən futbolçulardanam. Düzdür, oynamayanda əsəb gərginliyi keçirirəm. Ancaq üsyan etmək də düzgün çıxmaz. Sadəcə, onu deyə bilərəm ki, mövqeyimdə çıxış edən litvalı Tadas Labukasdan zəif deyiləm”.

Milli komandamızın futbolçusu “ulduz xəstələyi”nə tutulması haqda xəbərlərə də münasibət bildirib. Onun sözlərinə görə, 20 yaşında ölkə çempionu olması, milli komandaya düşməsi, tanınan mütəxəssis Berti Foqtsun etimadını qazanması xarakterini dəyişdirməyib: “İndinin özündə də məhəllədə uşaqlarla münasibətdə sadəliyimi nümayiş etdirirəm. Milli komandanın futbolçusu olduğum üçün özümü yekəxana aparmıram. “Ulduz xəstəliyi”nə tutulduğumu deyənlərin bunu əsaslandırmalarını istərdim. Ola bilsin ki, kənardan daha yaxşı görünür. Hər halda, futbolçu səhv yolda olduğu halda, onun başından vurub oynatmaq düzgün deyil. Əksinə, oyunçunun zirvəyə qalxması üçün ona öyüd-nəsihət vermək lazımdır”.

Qeyd edək ki, Hüseynov cari mövsümdə kuboku da nəzərə alsaq, “İnter”də 9 oyunda (509 dəqiqə) 1 qol vurub.
0