Ponomaryov Yunanıstanda oynamağa razılıq verdi
11.12.2008 - 15:51
Ponomaryov Yunanıstanda oynamağa razılıq verdi
“Yunanlarla danışıqlar ikinci cəhddən uğurlu alındı. Bu ölkənin yüksək liqasında çıxış edən klubla ilkin razılıq əldə etmişəm. Vaxtı gələndə hansı komandaya keçdiyimi biləcəksiniz”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının yarımmüdafiəçisi Anatoli Ponomaryov deyib.

Dörd illik fasilədən sonra karyerasını yenidən Yunanıstanda davam etdirmək fikrində olan 26 yaşlı futbolçu az öncə bu ölkəyə səfər etmişdi. Anatolinin sözlərinə görə, bu dəfə danışıqlar telefon vasitəsilə baş tutub: “Yenidən Yunanıstana yollanmağa ehtiyac olmadı. Klub prezidenti ilə üzbəüz söhbətimdə şərtlərimi demişdim. Telefon söhbətində ortaq məxrəcə gəldik. Dediyim qiyməti bir qədər aşağı saldılar. Yunanlar da şərtlərimi qəbul edərək, razılığa gəldilər. Həmin məbləği futbolçuya elə Azərbaycan klublarında da verirlər”.

Avropada oynamağı perspektiv baxımdan daha münasib hesab edən Ponomaryov bildirdiyinə görə, yunanlar onunla iki illik müqavilə bağlamaq istəyir: “Ancaq razı olmadım. Nəticədə bir illik müddətə müqavilə imzalamaq təklifimi qəbul etdilər. Əsas odur ki, artıq nağd variantım var. Ancaq mən tələsməyərək, alternativ variantları da nəzərdə keçirirəm. Onsuz da indi yunanlarla rəsmi müqavilə imzalaya bilmərəm. Çünki bu, yanvarın 1-i Avropada “transfer pəncərəsi”ni açılandan sonra mümkün olacaq. İsveçdə yüksək liqada çıxış etmək variantı var. Burada məni yaxşı tanıyırlar və birbaşa müqavilə təklif edənlər də var”.

Qeyd edək ki, uzun illərdir İsveçdə yaşayan Anatoli Ponomaryov Yunanıstanın “Ksanti” klubunda çıxış edib.
0