Samir Əliyev: “Neftçi”yə səviyyəli hücumçular lazımdır
11.12.2008 - 17:36
Samir Əliyev: “Neftçi”yə səviyyəli hücumçular lazımdır
“Komandanı tərk etmək fikrim yoxdur. Təbii ki, saxlasalar, çıxışımı davam etdirəcəyəm. Hələlik getməyimlə bağlı söhbət olmayıb”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” klubunun hücumçusu Samir Əliyev deyib.

Dördqat ölkə çempionu ilə cari mövsümün sonunadək müqaviləsi olan 29 yaşlı futbolçu son bir ildə zədə üzündən sabit oynaya bilməyib. O, itirilmiş vaxtı geri qaytarmaq əzmindədir: “Oynamaq lazımdır. Zədəm bir ildir özümü göstərməyə imkan vermir. Artıq tam sağalmışam və ikinci dövrəyə ciddi hazırlaşacağam. Başqa klublardan təklif almamağımı təbii qarşılayıram. Oynamamağım öz sözünü deyir”.

Komandasının gələcəyi barədə nikbin fikirdə olan Əliyev avrokuboklara çıxmaq şanslarını real sayır. Onun fikrincə, buna ölkə kubokunda uğurlu çıxışla nail olmaq olar: “İlk dövrədə komandamızdan 9-10 futbolçu gedib. Ancaq heyət ikinci dövrədə belə olmayacaq. Bildiyimə görə, yaxşı oyunçular axtarışında olan “Neftçi” fasilə müddətində güclənəcək. Xeyli futbolçunu baxışdan keçirən baş məşqçi kimləri transfer etməyi götür-qoy edir. Çempionat bizim üçün əldən gedib. Ancaq kubokda qitə miqyaslı turnirə vəsiqə qazanmağımız mümkündür. Bizə səviyyəli legionerlər, qolçuluq bacarığı yüksək olan hücumçular lazımdır”.

Qeyd edək ki, bir ildən çoxdur qol vurmayan Samir bu müddətdə çempionatda cəmi 6 oyun (259 dəqiqə) keçirib.
0