Saşa Yunisoğlu: Futbol haqda fikirləşmək belə istəmirəm
11.12.2008 - 18:11
Saşa Yunisoğlu: Futbol haqda fikirləşmək belə istəmirəm
“Futbolçulardan düşərgədə yalnız mən qalmışam. Komanda yoldaşlarım istirahətə yollansa da, mən məcburiyyətdən burdayam”. Bunu apasport.az saytına açıqlamasında Polşanın “Poloniya” klubunun müdafiəçisi Saşa Yunisoğlu deyib.

Azərbaycan yığmasının da şərəfini qoruyan 23 yaşlı futbolçu ilk dövrə bitməsinə baxmayaraq, hələ də Varşavadadır. Saşanın sözlərinə görə, buna səbəb klubla bağlı sənədləşdirmə işlərini həll etməkdir: “Poloniya”dan birdəfəlik ayrılmaqla bağlı səylərimi davam etdirirəm. Məni icarəyə vermək təklifini qəbul etmirəm. Çünki azad agent statusuna malik olmaq istəyirəm. Bununla bağlı bir çox sənədlərə qol çəkdirmişəm. Qalıb prezidentlə direktorun imzaları. Mənə havayı buraxmaq istəmirlər. Ancaq mən elə edirəm ki, buna nail olum. Fikrimcə, istəyimə çata biləcəyəm”.

Cari çempionatda meydana çıxmayan Yunisoğlu karyerasını hansı klubda davam etdirəcəyinə yeni ildən sonra aydınlıq gətirəcək. Milli komandamızın üzvü fikrini belə əsaslandırıb: “O qədər əsəb gərginliyi içərisindəyəm ki, yeni ilədək futbol haqda fikirləşmək istəmirəm. Bu müddətdə yalnız ailəmin yanında istirahət etmək haqda düşünürəm. Həftəsonuna kimi Bakıya qayıtmağa çalışacağam. Artıq yeni ildən sonra klub karyerası ilə bağlı ciddi məşğul olacağıq. İlk olaraq Avropa variantlarını dəyərləndirəcəyik. Polşalılarla işləmək asan olmasa da, karyeramı bu ölkədə davam etdirməyim mümkündür”.

Qeyd edək ki, uzun müddət lider olan “Poloniya” ilk dövrəni 3-cü yerdə başa vurub.
0